IQNA

Allaha bəndəlik etmək saədətə çatmağın amillərindəndir

9:02 - June 20, 2023
Xəbər sayı: 3494351
TEHRAN (IQNA) - Hər bir insanın səadətə çatmasının yolu Allaha bəndəlikdən keçir. Beləliklə, özünü xoşbəxt sayan hər bir şəxs Allaha bəndəliyinə və onun keyfiyyətinə diqqət etməlidir. Yəni xoşbəxtliyin həqiqi meyarı bəndəlikdir.

Qeyd etdiyimiz kimi insanın səadəti öz əlindədir. Çünki insan iradə və ixtiyar sahibi olan bir varlıqdır. Buna görə də insan öz seçimi və əməlləri ilə səadət yoluna qədəm qoyur.

Keçən bəhsimizdə qeyd etdiyimiz kimi Quran mədəniyyətində səadətə çatanlar üçün xüsusi xüsusiyyətlər və amillər bəyan edilmişdir. Hər bir insan oğlunun vəzifəsi və xeyri Quranla və orada bəyan olunan səadət amilləri ilə tanış olmaqdır. Çünki Quran insanı yoxdan var edən Allahın kəlamıdır.

Keçən bəhsimizdə o amillərdən birinə (Allaha və peyğəmbərlərə itaət etmək) işarə etdik.

Bu bəhsimizdə də digər bir amili qeyd edəcəyik. O da Allaha bəndəlik etməkdir.

Mütəal Allah bu barədə "Həcc" surəsinin 77-ci ayəsində buyurur:

«یا أَیهَا الَّذِینَ آمَنُوا ارْکعُوا وَ اسْجُدُوا وَ اعْبُدُوا رَبَّکمْ ... لَعَلَّکمْ تُفْلِحُونَ»

 "Ey iman gətirənlər! rüku edin, səcdəyə qapanın; Rəbbinizə bəndəlik edin ki, ... nicat tapasınız!".

Namazın bütün rüknləri arasından rüku və səcdələri ifadə edib. Çünki bu ibadətdə onların böyük əhəmiyyəti var. Bu ikisindən sonra deyilən mütləq bəndəlik göstərişi Allaha hər cür ibadət və bəndəliyi ehtiva edir.

"Rəbbukum" (Rəbbiniz) ifadəsi əslində Allahın ibadətə layiq olmasına və başqalarının buna layiq olmamasına işarədir. Çünki O, yeganə malik, sahib və tərbiyəçidir.

Bu ayə Allaha bəndəlik etməyin mütləq qurtuluş və səadətə səbəb olduğu mesajını ifadə edir.

İnsan Allaha ibadət etməklə bəndəlik məqamına, hər şeyin onda toplandığı məqama çatır. Allahın bəndəsi ondan mütləq asılı olmaq, yəni onun iradəsinə təslim olmaq, hər şəraitdə onun əmrinə tabe olmaq deməkdir. Bu isə Ondan başqasına möhtac olmamaq, Allahdan qeyrisini nəzərə almamaq və yalnız Onun lütfünə diqqət yetirmək deməkdir. Bu, insanın inkişaf və səadətinin zirvəsi, ən yüksək izzəti və şərəfidir.

Yəni həqiqi kamilliyə çatmağın yeganə yolu Uca Allaha ibadət və mərifətə çatmaqdır, çünki O buyurur:

«وَ مَا خَلَقْتُ الْجِنَّ وَ الاْنسَ إِلاَّ لِيَعْبُدُون»

"Mən cinləri və insanları ancaq mənə ibadət etmək (bu şəkildə təkamülə çatıb mənə yaxın olmaq) üçün yaratmışam". İnsan Allahı tam şəkildə tanıyıb və Ona ibadət etdikdə kamillik dərəcəsinə çatır və kamil insan nümunəsi olur. Bu, həqiqi və əbədi xoşbəxtliyə çatmaq deməkdir.

Bu ayədən belə nəticə alınır ki, hər bir insanın  səadətə çatmasının yolu Allaha bəndəlikdən keçir. Beləliklə, özünü xoşbəxt sayan hər bir şəxs Allaha bəndəliyinə və onun keyfiyyətinə diqqət etməlidir. Yəni xoşbəxtliyin həqiqi meyarı bəndəlikdir.

Bəndəlik də Allaha təslim olmaq, Onun göstərişlərini həyata keçirmək və qadağan etdiyi şeylərdən çəkinməkdir.

İnşallah gələn bəhslərimizdə Quran nəzərindən səadətə çatmağın digər amillərinə də işarə edəcəyik.

captcha