IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; Musa (ə) / 24

Həzrət Musanın (ə) hekayətində ədalət

12:26 - August 30, 2023
Xəbər sayı: 3494684
TEHRAN (IQNA) – Hər şeyi öz yerinə qoymaq ədalətin tərifidir. Əsasən, hər bir cinayət (böyük və ya kiçik) ədalətsizlikdən qaynaqlanır. Bu səbəbdən bir qrup rəhbərinin müəyyən vəziyyətlərdə ədalətli davranması onların xilasına səbəb ola bilər.

Biz insanlar başqalarına qarşı pis niyyəti olmayan, onların hüquqlarını tapdalamayan, insanlar arasında ayrı-seçkilik etməyən, hökumət və idarəçilik sahəsinə aid olan işlərdə son dərəcə qərəzsiz olan, hamıya eyni gözlə baxan, başqalarının ixtilaf və mübahisələrində məzlumun tərəfdarı, zalımın düşməni olan şəxsi bir növ kamillik yəni ədalətli bilirik. Həmçinin onun metodunu tərifə layiq bilirik.

Ona görə də tərbiyəçi sözlərində, hərəkətlərində, başqaları ilə münasibətində ədalətə riayət etməli, qanunları dostluq və münasibətlərə qurban verməməlidir. Həmçinin layiq olmayanlara, hətta yaxınlarına belə imtiyaz verməməlidir. Bəziləri dostluq və münasibət naminə haqqı tapdalayır. Bəziləri isə haqq yolunda dostluğu nəzərə almır ki, bu da dəyərli bir əməldir.

Həzrət Musa (ə) dostluğu və qardaşlığı haqq yolunda nəzərə almır və buna görə də ədaləti pozmur:

Həzrət Musanın (ə) ilahi görüş üçün 30 gün qövmündən ayrılması nəzərdə tutulurdu. Bu 30 günə 10 gün də əlavə olundu və bəni-israilin arasında söz-söhbətlər başladı. Çoxlu insan buzova sitayiş etməyə üz tutdu. Həzrət Musanın (ə) qardaşı Həzrət Harun (ə) nə qədər çalışsa da, bu şirki dayandıra bilmədi.

40 gündən sonra qövmünün yanına qayıtdıqdan sonra Həzrət Musa (ə) qövmünün buzova sitayiş etdiyini gördü və qəzəblənərək qardaşını məzəmmət etdi: “Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” Musa qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!” (Əraf, 150).

Dini liderlər qohumluq əlaqələrinə görə günahkar məmurlara göz yummamalıdırlar. Din düşmənlərinin günahkarın cəzası qarşısındakı sevinci onların cəzalandırmaqdan imtina etmək üçün bəhanə olmamalıdır. Aydındır ki, Həzrət HzMusa (ə) Harunu (ə) məzəmmət etməsinin din düşmənlərini sevindirəcəyini bilirdi. Amma eyni zamanda ədalətə riayət etdi və buna görə də onu günahkar hesab etdi, cəzalandırmaq qərarına gəldi.

Bu işin tamamilə tərbiyəvi cəhəti var idi. O da bunun üçün idi ki, inadkar camaat öz səhvlərinin dərinliyini və əməllərinin çirkinliyini dərk etsinlər. Tez bir zamanda səhnəni dəyişsinlər və buzova sitayişdən Allaha ibadətə dönə bilsinlər.

Həzrət Musanın (ə) bu işi göstərir ki, o, haqq yolundadır. Onun üçün günahkarın qohumu olub-olmamasının fərqi yoxdur. Hətta qardaşı da cinayət etsə, cəzasını verəcək.

Buna görə də, qardaşın təqsirsizliyi sübuta yetirildikdə və Harun öz məntiqli hərəkətini bildirdikdə, Musa (ə) özü və qardaşı üçün bağışlanma dilədi.

captcha