İmam Sadiq (ə) buyurur ki, şeytan öz səhabələrinə insanın ölümü zamanı iştirak etməyi və onu küfr və ya şəkkə sürükləməyi əmr edir. Ona görə də o, ölüm ayağında olan şəxsin yatağının başında olduqda, “Allahdan başqa məbud yoxdur və şəhadət verirəm ki, Muhəmməd Allahın Rəsuludur” cümləsini ölənə qədər təkrar etməyi tövsiyə edir.
Başqa bir rəvayətdə deyilir ki, meyyit üçün tövhid və nübüvvətə şəhadət verməklə yanaşı, bir-bir məsum imamların imamətlərinə şəhadət vermək də təlqin edilməlidir.
Əlbəttə ki, bu şəhadətlər iman və yəqinə əsaslanmalı və bu cümlələr ona eşq və məhəbbət əsasında təlqin edilməlidir.
Mötəbər kitab və risalələrdə ölmək üzrə olan insanlara bu duanı oxumaq tövsiyə olunur: "İlahi! Günahlarımın çoxunu bağışla və az olan ibadətlərimi qəbul et. Ey azı qəbul edib çoxlu səhvləri bağışlayan! Mənim kiçik itaət və ibadətimi qəbul et və çoxlu səhvlərimi bağışla, Sən bağışlayansan. Allahım! Mənə rəhm et, çünki sən rəhm edənlərin ən mərhəmətlisisən".
Peyğəmbərimizə (s) deyirlər ki, ölüm ayağında olan bir adamın dili bağlanıb, danışa bilmir. Rəsulullah (s) həmin şəxsin yanına gəlir və “La ilahə illəllah” deyir, lakin kişi bunu deyə bilmir. İslam Peyğəmbəri (s) cümləni bir daha təkrar edir, lakin kişi onu yenə deyə bilmir. Allahın Rəsulu (s) kişinin yanındakı qadından meyitin anası olub-olmadığını soruşur. Qadın anası olduğunu deyir. Peyğəmbərimiz (s) qadından uşağından razı olub-olmadığını soruşur. O da övladına əsəbləşdiyini deyir. Muhəmməd Peyğəmbər (s) buyurur: “Mən istəyirəm ki, sən ondan razı olasan”. Ana dedi ki, sənin xatirinə, mən bundan razıyam. Sonra Peyğəmbərimiz (s) üzünü kişiyə çevirir və “La ilahə illəllah” deyir. Kişi də həmin cümləni təkrar edərək canını tapşırır.
Buradan da başa düşüldüyü kimi ananın övladından razı qalması çox önəmlidir.
Ölüm ayağında olan müsəlmana ayaqlarının tabanı qibləyə tərəf kürəyi üstə uzanması vacibdir. Düzgün islami əqidə, tövhid, nübüvvət, imamət və məadın onun anlayacağı şəkildə aşılanması tövsiyə olunur.
Həyatını itirənlərin ölüm anında adətən namaz qıldıqları yerə aparılması tövsiyə edilir. Onları tək qoymamaq, çox danışmamaq, çox ağlamamaq, başda Yasin, Saffat, Əhzab kimi surələr və Ayetül-Kürsü olmaqla Qurani-Kərimi çox oxumaq tövsiyə olunur.
* Möhsin Qəraəti tərəfindən yazılmış "İslami İnancların Əsasları (Məad)" kitabından götürülmüşdür.