"Qüds Press" xəbər verir ki, İkrimə Səbri azan səsindən narahat olanların bu ölkəni tərk edə biləcəyini söyləyib.
Şeyx Səbri bu bəyanatı işğalçı rejimin ən sağçı liderlərindən biri olan İtamar Ben-Qvirin Fələstin torpaqlarındakı məscidlərdən gələn azan səslərinin narahatedici olduğunu bildirməsindən və məscidlərin bütün səsgücləndiricilərinin yığışdırılmasına göstəriş verməsinə cavab olaraq verib.
Rejim polisi işğal altındakı ərazilərdə səsgücləndiricilərdən istifadəyə qarşı sərt tədbirlər görülməsi üçün göstəriş alıb.
Məscidül-Əqsa xətibi azanın İslamda vacib olan namazla əlaqəli İslami qaydalardan biri olduğunu və heç kimin buna mane ola bilməyəcəyini vurğulayıb.
Azanın ilk dəfə Fələstində Peyğəmbərimizin (s) müəzzini Bilal tərəfindən oxunduğunu deyən Şeyx Səbri o gündən bəri Fələstin səmasında azan səsinin əks-səda verdiyini və bundan sonra da verəcəyini bildirib.
O, həmçinin azanın oxunmasının və ya yayımlanmasının qarşısının alınmasını müsəlmanların dini işlərinə müdaxilə, dini azadlığın pozulması və beynəlxalq hüquqla təmin olunan hüquqların tapdanması kimi qiymətləndirib.
Ben-Qvirin açıqlamaları Fələstin daxilində və xaricində böyük reaksiyalara səbəb olub. Həmas bu açıqlamanı sərt şəkildə qınayıb.
Mənsur Abbas isə Ben-Qviri fitnə salmaqda və insanları hədəfə almaqda ittiham edərək X platformasında “Ben-Qvir birlikdə yaşayışı məhv etməyə çalışır” paylaşımını edib.
Amerika-İslam Əlaqələri Şurası (CAIR) İsrail rejiminin azanı qadağan etməsini qınayıb. CAIR-in Milli İcraçı Direktoru Nihad Avaz bildirib ki, “Məscidlərə, kilsələrə, mədəniyyət məkanlarına və dini mətnlərə edilən hücumların hamısı İsrailin Fələstin mədəniyyətini silmək məqsədilə illərdir davam edən kampaniyasının bir hissəsidir.”
4251958