Həzrət İsa (ə) ulul-əzm peyğəmbərlərdən biri və şəriət sahibi idi. Onun ilahi kitabı İncil adlanır. İsa Peyğəmbər (ə) İslam Peyğəmbərindən (s) əvvəlki son peyğəmbər idi və o Həzrətin zühurunu müjdələyənlərdən biri olmuşdur. Quran onun adını 25 dəfə zikr etmişdir. Quran İsanın (ə) həyatının bir neçə mərhələsini xüsusilə diqqətə çatdırmışdır ki, bunlardan ən mühümü onun doğum mərhələsidir.
Allah-təala Quranda İsa Peyğəmbəri (ə) İmranın qızı Məryəmin övladı kimi tanıdır. Məryəm, Hənnanın və İmranın qızı idi və kiçik yaşlarından məbədə təhvil verilmiş, Zəkəriyya Peyğəmbərin (ə) himayəsində böyümüşdür. O, İslamda bütün qadınlardan üstün bir şəxs kimi təqdim edilir. Məryəmin oğlu Quranda İsa adlandırılır. İsa Beytül-Ləhm şəhərində dünyaya gəlmiş və onun doğumu özünəməxsus bir möcüzə ilə baş vermişdir.
"Ali-İmran" surəsinin 45-ci ayəsinə əsasən, bir gün Cəbrail Allah-təalanın əmri ilə Məryəmə xəbər gətirdi ki, Allah ona "İsa" adlı bir oğul bəxş edəcək. Həmin oğul həm bu dünyada, həm də axirətdə uca məqama sahib olacaq və Allahın müqərrəb bəndələrindən sayılacaqdır. Məryəm təəccüblə dedi:
"Ey Rəbbim! Mənə heç bir insan toxunmadığı halda necə oğlum ola bilər?"
Allah-təala buyurdu: "Bu, Allahın iradəsidir. Allah nə istəsə, onu yaradar. O, bir işi qərar verdikdə ona yalnız "Ol! Deyər və o da dərhal olar" (Ali-İmran, 47).
Məryəm, doğumun yaxınlaşdığını hiss edərkən uzaq bir yerə çəkildi və orada sancılar başladı. Bu an kədərləndi və narahat oldu. Lakin "Məryəm" surəsinin 24 və 25-ci ayələrində bildirildiyinə görə, Allah ona belə xitab etdi:
"Qəm yemə! Rəbbin sənin alt tərəfində bir su arxı axıtdı. Xurma ağacının gövdəsini silkələ ki, təzə xurmalar sənin üzərinə tökülsün."
Doğumdan sonra Məryəm körpəsini (İsanı) götürüb xalqının yanına getdi. Onlar Məryəmi və körpəsini görəndə heyrətə gəldilər və dedilər:
"Ey Harunun bacısı, nə atan pis kişi olub nə də anan pis əməl sahibi olub" (Məryəm, 28).
Xalq Məryəmi qınadı. Lakin Məryəm Allahın əmri ilə susdu və körpəsinə işarə etdi. Bu zaman İsa beşikdə danışmağa başladı və dedi:
"Mən Allahın quluyam. O, mənə kitab verdi və məni peyğəmbər etdi. Hara getsəm, məni bərəkətli etdi və ömrüm boyu mənə namaz qılmağı və zəkat verməyi tövsiyə etdi. Anama qarşı itaətkar etdi və məni zalım və bədbəxt etmədi. Mənə doğulduğum gün, öləcəyim gün və dirildiləcəyim gün salam olsun!" (Məryəm, 30-33(.
Quran "Ali-İmran" surəsinin 59-cu ayəsində Həzrət İsanın (ə) doğumunu Həzrət Adəmin (ə) yaradılışı ilə müqayisə edir. Çünki İsa Peyğəmbər (ə) də Adəm (ə) kimi atasız bir şəkildə yaranmışdır. İsanın Quranda bəhs edilən doğumu, Allahın sonsuz qüdrətinin bir nişanəsi və bəşər tarixində böyük bir möcüzədir.