IQNA

İndoneziya Ramazan ayında Qəzzaya yardım kampaniyasına başlayıb

5:45 - March 01, 2025
Xəbər sayı: 3497701
İQNA - İndoneziya hökuməti Ramazan ayı ərzində 200 milyon dollardan çox vəsait toplamaq məqsədi ilə "Həmrəylik, Əsl Nişan və Yeni Ümid" adlı kampaniyaya başlayıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, bu kampaniya Fələstinə, xüsusilə Qəzzaya kömək etmək və bu bölgənin yenidən qurulması üçün humanitar və sosial qurumlarla əməkdaşlıq çərçivəsində başlanıb.

Əhalisinin sayına görə ən böyük İslam ölkəsi olan İndoneziyanın xarici işlər nazirinin müavini bildirib ki, Fələstinə dəstək üçün humanitar diplomatiyasını gücləndirməyi hədəfləyir.

O, həmçinin bildirib ki, İndoneziya, Türkiyə və Səudiyyə Ərəbistanı ilə birlikdə dünyanın 20 ən böyük iqtisadiyyatı arasında 3 müsəlman ölkəsindən biridir.

O əlavə edib ki, İndoneziya xalqının Fələstinə dəstəyi və yardımı ölkə Konstitusiyasında humanitar, dini və hətta hüquqi öhdəlik kimi qəbul edilir.

Cakartada İndoneziya Xarici İşlər Nazirliyində başlanan və humanitar yardımı ardıcıl və koordinasiyalı şəkildə inkişaf etdirmək məqsədi daşıyan kampaniyada onlarla İndoneziya vətəndaş cəmiyyəti təşkilatı, eləcə də rəsmi dini qurumlar iştirak edir.

İndoneziya Humanitar Forumundan Surya Rəhman bildirib ki, 2023-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər İndoneziya zəkat və yardım təşkilatları Qəzzaya 8,5 milyon dollardan çox yardım toplayıb.

İndoneziya hökuməti tərəfindən idarə olunan Zəkat Agentliyi Qəzzanın yenidən qurulmasına kömək etmək üçün 21,8 milyon dollar topladığını açıqlayıb.

İndoneziya Üləmalar Şurasının nümayəndəsi Sudarnoto Əbdül-Hakim ölkəsinin yardımlarının 7 oktyabr 2023-cü ildən bəri dayanmadığını bildirərək, kampaniyanın açılışında vurğuladı ki, Fələstinə dəstək təkcə İslami və humanitar bir öhdəlik deyil, həm də rəsmi və xalq qurumları arasında hərtərəfli əməkdaşlıq tələb edir.

İndoneziya Xarici İşlər Nazirliyinin Asiya və Afrika məsələləri üzrə direktoru Əbdül-Qadir Djilani bildirib ki, bu kampaniyanın məqsədi Qəzzada vəziyyətin fəlakətli səviyyədə olması səbəbindən Fələstin xalqına təcili və koordinasiyalı yardım göstərməkdir.

4268596

captcha