“İQNA”-nın Prezidentin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Məsud Pezeşkian bu gün səhər, bazar ertəsi, aprelin 28-də Azərbaycana yola düşməzdən əvvəl bu səfərin məqsədlərinə toxunaraq deyib: “Bu səfərin məqsədi qardaş və dost Azərbaycan ölkəsi ilə dostluq əlaqələrini genişləndirmək və əməkdaşlığı inkişaf etdirməkdir. Bu səfər zamanı bizim Azərbaycan Respublikasının rəsmiləri və nümayəndələri ilə görüşlərimiz olacaq”.
Prezident iki ölkə arasında mövcud olan geniş imkanları vurğulayaraq əlavə etdi: “Müxtəlif sahələrdə, o cümlədən, ticarət, elm, nəqliyyat, enerji sahələrində əməkdaşlıq üçün müvafiq imkanlar mövcuddur və biz qarşılıqlı fəaliyyət yolu ilə bu imkanları əməliyyat mərhələsinə çatdırmalıyıq”.
Pezeşkian İran, Azərbaycan və Rusiya arasında nəqliyyat əlaqələrinin qurulmasının vacibliyinə işarə edərək deyib: “Dəmir yolu, avtomobil yolu və iqtisadi əlaqələrin inkişafı hər üç ölkənin inkişafı və rifahına səbəb ola bilər və region üçün yeni imkanlar yarada bilər”.
Prezident həmçinin bu səfər çərçivəsində ölkənin sənayeçiləri, alimləri və iqtisadi fəallarının iştirak etdiyini açıqladı və bildirdi: “Bu iştirak təcrübə mübadiləsi və iki ölkə arasında birgə elmi və kommersiya əməkdaşlığının artırılması üçün münasib platforma yarada bilər”.
Pezeşkian İran və Azərbaycan arasında tarixi və mədəni əlaqələrin dərinliyini vurğulayaraq bildirib: “Bizim Azərbaycanla əlaqələrimiz təkcə qonşuluğa əsaslanmır, daha doğrusu, gücləndirilməli olan tarixi, mədəni və sosial əlaqələrə söykənir”.
Dövlət başçısı sərhədin hər iki tərəfində xalqlar arasında paylaşılan xatirələri xatırladaraq dedi: “Sərhədin hər iki tərəfindəki qardaş və bacılarımız bu gün və sabah münasibətlərin möhkəmlənməsinə əvəzsiz dəstək verən xatirələri və tarixləri bölüşürlər”.
Bu səfərin nəticələrinə ümid etdiyini bildirən Pezeşkian deyib: “Ümid edirəm ki, qarşılıqlı səfərlər və müzakirələr inkişafa, iqtisadi artıma, bilik mübadiləsinə və birgə investisiyalara yol açacaq və nəticədə regionda sülh, təhlükəsizlik və davamlı tərəqqiyə gətirib çıxaracaq”.
4278889