IQNA

Pezeşkian:

Güvən və təhlükəsizliklə dolu bir bölgə quracağıq

10:41 - April 29, 2025
Xəbər sayı: 3498098
İQNA - Qonşu ölkələr arasında geniş iqtisadi və mədəni əlaqələrin qurulmasının vacibliyini vurğulayan Prezident, bəyan etdi: “Əgər qonşular arasında ticarət və investisiyalar yaranarsa, akademik, sənaye, elm və mədəniyyət sahələrində səmimi və dərin əlaqələr qurularsa, biz etimad və təhlükəsizliklə dolu bir region qura bilərik”.

“İQNA”-nın Prezidentin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bazar ertəsi günortadan sonra Azərbaycana bir günlük səfərini davam etdirən president Məsud Pezeşkian, İran və Azərbaycan iş adamları ilə görüşündə bildirib ki, İran və Azərbaycan divarın əks tərəfində yerləşən və həmişə bir-biri ilə təmasda olan iki ailə kimidir. O, əlavə edib: “İki ölkə arasındakı münasibətlər tarixə, mədəniyyətə və çoxillik qonşuluğa söykənir”.

Prezident, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi qarşılanmasını yüksək qiymətləndirərək dedi: “Biz Azərbaycan Prezidentinin iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı səmimi qonaqpərvərliyini və ümidverici sözlərini alqışlayırıq və bu ruhiyyə birgə əməkdaşlığın genişləndirilməsinə zəmin yarada bilər”.

Pezeşkian İran və Azərbaycanın elmi, iqtisadi, mədəni və bilik imkanlarına toxunaraq qeyd edib: “Biz təcrübə, bilik və nailiyyətləri mübadilə etməklə iki ölkənin xalqı üçün geniş faydalar yarada və birgə inkişafa yol aça bilərik”.

Prezident əlavə edib: “İran və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müxtəlif sahələri mövcuddur ki, onlar xalqların rifahına töhfə verə və regionda sülh və sabitliyi möhkəmləndirə bilər”.

Pezeşkian regional qapı və dəhlizlərin əhəmiyyətinə toxunaraq deyib: “İran və Azərbaycan şimaldan cənuba və şərqdən qərbə kommunikasiyanın kəsişmə nöqtəsidir. Həmçinin onlar nəqliyyat, ticarət, elm və texnologiyanın ötürülməsi və məntiqi kommunikasiyalar üçün zəmin yarada bilər”.

Bu fikrin həmişə beynində olduğunu bildirən prezident deyib: “Tələbəlik illərindən məndə belə fikirlər var idi ki, niyə bir yerdə qatara minib Pakistandan çıxıb İrana, Azərbaycana girib, sonra Türkiyəyə, İraqa, Səudiyyə Ərəbistanına gedə bilmirik. Bu cür əlaqələr yaratmaqda nə problem var?”

Pezeşkian, region ölkələrinin mədəni, sivilizasiya və tarixi ortaqlıqlarına toxunaraq qeyd edib: “Oxşar mədəniyyət və sivilizasiyalara və bir neçə min illik tarixə malik İslam ölkələri qrupu geniş əlaqələr yarada, iqtisadi və elmi əməkdaşlıq sahəsini genişləndirə bilər”.

Belə bir platformanın yaradılmasının ticarətin, mədəniyyətin, elmin inkişafından başladığını vurğulayan Prezident deyib: “Region xalqları arasında ünsiyyət, bilik, mədəniyyət və texnologiyanın ötürülməsində fundamental rol oynaya və davamlı inkişafa yol aça bilər”.

Pezeşkian regionun iqtisadi imkanlarına toxunaraq dedi: “Region ölkələri arasında mövcud olan bazar, müsəlman xalqların ehtiyaclarına cavab vermək qabiliyyətinə malikdir. Bu da İran, Azərbaycan, Pakistan və Əfqanıstan üçün böyük imkanlar yarada bilər”.

Prezident, xalqların və iqtisadi fəalların iradəsinin vacibliyini vurğulayaraq bəyan etdi: “Bu məqsədlərə nail olmaq bizim iradəmizdən asılıdır. Habelə İran və Azərbaycandakı iş adamları və sərmayədarlar birgə sərmayələr yaratmaqla regional əməkdaşlığa yol aça bilərlər”.

Pezeşkian regional inteqrasiyanın zəruriliyinə toxunaraq deyib: “Biz İranda, siz Azərbaycanda, eləcə də İraq və Pakistanda iqtisadi inteqrasiya və daha geniş əlaqələr yarada və təcrübə, elm və texnologiya mübadiləsi üçün kommunikasiya kanalları aça bilərik”.

Prezident qeyd etdi: “Regional əməkdaşlıq vasitəsilə biz xalqlar üçün ümid, sülh, əmin-amanlıq və inkişafla dolu gələcək qura, region ölkələri arasında azadlıq və həmrəyliyə arxalanaraq təhlükəsizliyi qoruya bilərik”.

Region xalqlarının təhlükəsizliyi təmin etmək qabiliyyətini vurğulayan Pezeşkian, “digərlərinin başqa yerdən gəlib bizim üçün təhlükəsizlik yaratmalarına ehtiyacımız yoxdur. Ölkə liderləri potensial problemləri və mübahisələri dialoq yolu ilə həll edə bilərlər” dedi.

Dövlət başçısı, xalqlar arasında ixtilafların yaranmasında xarici amillərə toxunaraq qeyd etdi: “Bəzi qruplar xarici təxribatlarla qonşular arasında sağlam və uzunmüddətli münasibətləri pozmağa can atırlar və bu tarixi münasibətlərin saxta bəhanələrlə korlanmasına yol vermək olmaz”.

Pezeşkian, ölkələr daxilində münasibətlərin inkişafına mane olan bəzi şəxslərin mövcudluğuna toxunaraq qeyd edib: “İranda bəzi insanlar müsbət hadisələrin baş verməsində maraqlı olmadığı kimi, Azərbaycanda, İraqda və ya Əfqanıstanda da belə şəxslər ola bilər, lakin xalqların iradəsi dostluq və əməkdaşlıq əsasında qalmalıdır”.

Geniş iqtisadi və mədəni əlaqələrin qurulmasının vacibliyini vurğulayan Prezident, bəyan etdi: “Əgər region ölkələri arasında ticarət və investisiyalar qurularsa, akademik, sənaye, elm və mədəniyyət sahələrində sıx və dərin əlaqələr qurularsa, biz etimad və təhlükəsizliklə dolu bir region qura bilərik”.

Pezeşkian, Azərbaycan prezidenti İlham Əliyevlə görüşünə toxunaraq deyib: “Bu gün səhərdən biz səmimiyyətlə bəyan etmişik ki, İran Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırdır və iki ölkə Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən yol kəsişməsi ola bilər”.

Prezident qeyd etdi: “İran və Azərbaycan, regional əlaqələr qurmaq iqtidarındadırlar və bu məqsədə nail olmaq üçün avtomobil yolları, dəmir yolları, limanlar və geniş ticarət əlaqələrinin inkişafı, həmçinin aktiv sərhədlərin yaradılması və nəqliyyatın asanlaşdırılması lazımdır”.

Rabitə proqram təminatı infrastrukturunun əhəmiyyətini vurğulayan Pezeşkian qeyd etdi: “Birgə işləməklə biz lazımi kommunikasiya sistemlərini dizayn edə və inkişaf yolunu inamla irəliyə apara bilərik”.

Ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayan Prezident, bəyan edib: “Biz bir-birimizin siyasi və təhlükəsizlik müstəqilliyinə hörmətlə yanaşmalı, ölkələrin daxili işlərinə hər hansı müdaxilədən çəkinməliyik”.

Pezeşkian, Azərbaycanda yaxınlıq və qohumluq hissini ifadə edərək dedi: “Burada mən özümü mədəniyyət, dil, insanlar, yeməklər və adət-ənənələrlə tanış hiss edirəm və bu tanışlıq hissi xalqlarımız arasında empatiya və yoldaşlığın dərinliyini əks etdirir ki, bu da qanunlarda, qaydalarda və ünsiyyətdə öz əksini tapmalıdır”.

Prezident, bu gün səhər Ali Rəhbərlə görüşünə toxunaraq dedi: “Ali Rəhbər öz səmimi salamlarını göndərdi və vurğuladı ki, İran və Azərbaycandakı bacı-qardaşlar arasında münasibətlər daha da yaxınlaşmalı və dərinləşməlidir. Ali Rəhbərin bu səfər üçün bizə etdiyi tövsiyələr belə idi”.

Regional həmrəyliyin zəruriliyini vurğulayan Pezeşkian qeyd edib: “İnanıram ki, əl-ələ versək, problemlərimizi həll edə və bütün sahələrdə düşmənlərimizin təsəvvür belə edə bilmədiyi güclərə nail ola bilərik”.

Prezident əlavə etdi: “Bizə lazım olan tək şey, bir-birimizə güvənmək, bilik, təcrübə və bacarıqlarımızı ötürmək və vahid, qürurlu və həmrəy cəmiyyət qurmaqdır”.

İqtisadi əməkdaşlığın əhəmiyyətinə işarə edən Pezeşkian, “İstehsalçılarımız və sərmayəçilərimiz qanun və qaydalar çərçivəsində bir-biri ilə ortaq olsalar və ortaq bir baxışa çatsalar, bölgədə xaricilərin olmasına ehtiyacımız olmayacaq” dedi.

Prezident vurğuladı: “Harada ticarət gedirsə, silah və hərbi qüvvələr artıq hərəkət etməyəcək, çünki ticarət təhlükəsizlik, sülh və qardaşlıq deməkdir”.

İki ölkə arasındakı əlaqələrin gələcəyinə ümid etdiyini bildirən Pezeşkian deyib: “Biz bu yolu ölkələrin daxili qanunları çərçivəsində və bir-birimizə hörmətlə irəliləyə, mövcud məhdudiyyətləri və bəhanələri birlikdə idarə edə bilərik”.

Sonda o, Azərbaycan prezidentinin qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi və qeyd etdi: “Mən cənab İlham Əliyevə və bizi qarşılayan bir qrup yaxın adama təşəkkürümü bildirirəm və ümid edirəm ki, bu görüş dostluq və əməkdaşlıq yolunda digər inkişafların başlanğıcı olacaqdır”.

Prezident çıxışını türkcə Şəhriyardan misralar oxumaqla yekunlaşdırıb.

4279029

captcha