“Əl-Aləm” kanalının məlumatına görə, cümə günü Livan druzilərinin mənəvi rəhbəri şeyx Sami Əbi əl-Münə Süveyda vilayətindəki son hadisələrə işarə edərək, İsrail rejiminin druziləri qorumaq üçün dəstək təklifini rədd edib və vurğulayıb: “İsrailin dəstək və himayə təklifi bizim kimliyimizə və tariximizə qarşı yönəlib, buna görə də biz bu dəstəyi qəbul etmirik.”
Druzi təriqətinin üzvləri işğal olunmuş torpaqlarda, Suriya və Livanda yaşayırlar.
O əlavə edib: “İsrailin guya bizi müdafiə etmək adı ilə kimliyimizlə oynamasını qəbul etmirik. Bu cür dəstəyi tamamilə rədd edirik.”
Şeyx Əbi əl-Münə Süveydanın təhlükəli şəkildə zorakılıq və silahlı qarşıdurmaya sürüklənməsindən təəssüf hissi keçirdiyini bildirərək, atəşkəsin qorunması və döyüşlərin dayandırılması barədə razılaşmalara hörmət göstərilməsini tələb edib.
Onun sözlərinə görə, Süveydada istər druz, istərsə də sünni və bədəvi icmasından olan dinc sakinlərin həyatının qorunması həm insani, həm də dini borcdur.
Əbi əl-Münə çıxışının digər hissəsində Suriyada azlıqların narahatlıqlarına ədalətli yanaşmanın zəruriliyini vurğulayaraq bildirib: “Azlıqda olanların narahatlığına əksəriyyət tərəfindən ədalətlə yanaşılmalıdır.”
O, Süveydada zərər çəkmiş insanlarla həmrəyliyini ifadə edərək, bu vilayətdə “separatizmə və ya məzhəbçiliyə meyl”i rədd etdiyini bildirib və bütün tərəfləri dialoq yolu ilə hərəkət etməyə və milli birliyi qorumağa çağırıb.
4295019