İQNA-nın Anbaa agentliyinə istinadən məlumatına görə, Braziliya şirkətləri 17–20 sentyabr tarixlərində Malayziya Beynəlxalq Ticarət və Sərgi Mərkəzində (MITEC) keçiriləcək sərgidə iştirak edəcək.
Malayziyanın San-Paulu şəhərindəki Ticarət Ofisi (MATRADE São Paulo) sərgi haqqında məlumat paylaşaraq onun əhəmiyyətini və Braziliyanın iştirakını vurğulayıb.
Məlumata əsasən, MIHAS sərgisi Malayziya Xarici Ticarətin İnkişafı Şirkəti (MATRADE) tərəfindən təşkil olunur və halal sertifikatlı məhsul və xidmətlər üçün dünyanın ən böyük bazarı kimi tanınır. Sərgi 90-dan çox ölkədən alıcı və satıcıları bir araya gətirir.
MATRADE São Paulo nümayəndəliyinin açıqlamasına görə, Braziliyanın sərgidə iştirakı ölkədə halal standartlarının artan şəkildə qəbul olunmasının göstəricisidir. Bu proses məhsulun keyfiyyətinə zəmanət, mənşəyi izləmə imkanı və dayanıqlı təchizat tələbinin artmasından qaynaqlanır. Braziliyanın iştirakı “Halal do Brasil” layihəsi çərçivəsində Ərəb–Braziliya Ticarət Palatası (ABCC) və Braziliya Ticarət və İnvestisiya İnkişafı Agentliyi (ApexBrasil) tərəfindən təşkil olunur.
MATRADE São Paulo-nun ticarət məsulu Əmir əl-Əzman Əhməd bildirib: “MIHAS elə bir məkandır ki, dünya halal sənayesinin gələcəyini burada görür – bu gələcək etimada, innovasiyaya və keyfiyyətə əsaslanır. MIHAS yeni imkanların və güclü tərəfdaşlıqların qapılarını açır. Biz daha çox Braziliya şirkətini bu proqramda iştiraka dəvət edirik ki, Malayziyanın qlobal halal iqtisadiyyatına necə rəhbərlik etdiyini yaxından görsünlər.”
2024-cü ildə MIHAS sərgisi 4,3 milyard Malayziya rinqiti (1,01 milyard ABŞ dolları) gəlir əldə edib və 43 minə yaxın ziyarətçi cəlb edib. Bu il “Halalın zirvəsi” şüarı ilə keçiriləcək sərgidən 4,5 milyard Malayziya rinqiti (1,06 milyard ABŞ dolları) gəlir gözlənilir. Tədbir təkcə yüksək ticarət həcmi ilə deyil, həm də qlobal halal istehlak tendensiyalarının müəyyənləşdirilməsi ilə seçilir.
4299963