İQNA-nın “Rusiya əl-Yovm”a istinadla verdiyi xəbərə görə, Misir Prezident Administrasiyası bildirib ki, Əbdülfəttah əs-Sisi rabitə naziri Əmr Tələat və Milli Media Təşkilatının rəhbəri Əhməd əl-Musəlləmani ilə görüşündə ölkənin radio-televiziya irsinin qorunması üçün bütün audio və video lentlərin rəqəmsal formata keçirilməli və Milli Media Təşkilatının yaradacağı rəqəmsal platformada yerləşdirilməli olduğunu vurğulayıb.
Prezident həmçinin 1964-cü ildə fəaliyyətə başlayan “Quran radiosu”nun qlobal saytının yaradılmasını və tanınmış qarilər, münşidlər, eləcə də bu radionun illər ərzində yayımladığı proqramların qorunmasını istəyib.
“Quran radiosu” 25 mart 1964-cü ildə mərhum prezident Camal Əbdülnasir tərəfindən Qurani-Kərimin təhriflərinə qarşı mübarizə məqsədilə yaradılıb. Əvvəlcə gündə 14 saat efirdə olan radio 1994-cü ildən etibarən 24 saat yayım həyata keçirir.
Rəsmi məlumatlara görə, son illərdə bu radionun dinləyici sayı 50 milyondan 60 milyona yüksəlib. “Quran radiosu” Misirin İslam dünyasında və ərəb ölkələrində ən mühüm “yumşaq güc” vasitələrindən biri hesab olunur və bir çox məşhur qarinin ilk dəfə tanındığı platforma olub.
4299917