“İQNA”-nın “Sədyul-Bələd”-ə istinadla verdiyi xəbərə görə, Vəqflər Nazirliyi bu müsabiqəni “əl-Mütəhhidə” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil edir. Məqsəd isə Misirin Quran tilavəti sahəsində aparıcı mövqeyini gücləndirmək və seçilən istedadları dəstəkləməkdir.
Bu əməkdaşlıq son aylar ərzində davam edən qarşılıqlı razılaşmaların nəticəsidir. “əl-Mütəhhidə” şirkəti proqramın texniki məsələlərini icra etmək öhdəliyini götürüb. Proqram onun nəzarətində olan peyk telekanallarında yayımlanacaq və bütün işlər Misir Vəqflər Nazirliyinin nəzarəti altında aparılacaq.
Ötən ilin iyun ayında Misir vəqflər naziri Osama əl-Əzhəri ilə “əl-Mütəhhidə” media xidmətləri şirkətinin proqramlar bölməsinin rəhbəri Əhməd Fayiqlə yekun detalların müzakirəsi üçün görüş keçirilib. Həmin görüşdə proqramın ən yüksək səviyyədə təqdim edilməsi barədə ortaq yanaşma qəbul olunub.
Bu televiziya proqramı müsabiqə formatında keçiriləcək və Misirin böyük qarilərindən – ustad Əbdül-Basit, Menşavi, Mustafa İsmayıl kimi qari üslublarında tilavət edən yeni nəsil qariləri tanıtmağı hədəfləyir.
Müsabiqə həmçinin bu yeni istedadların dəstəklənməsi ilə Misirin Qurani-Kərimin mesajını regional və beynəlxalq səviyyədə yaymaqda rolunu gücləndirməyə çalışır.
Elm adamları və mütəxəssislərdən ibarət xüsusi elmi komitələr bu yarışa nəzarət edəcək. Onlar səsin gözəlliyi (hüsnüs-savt) və düzgün tilavət kimi dəqiq meyarlara əsaslanaraq müxtəlif vilayətlərdən olan ən yaxşı istedadları seçəcəklər.
Müsabiqə bütün yaş qrupları üçün nəzərdə tutulub, o cümlədən imam-camaatlar və gözəl tilavət sahibləri də iştirak edə bilərlər. Şərtlər arasında təcvid qaydalarına tam bələdlik, təcvid və ya tətil sahələrindən birinin seçilməsi, radio tərəfindən təsdiqlənmiş qarilərə və münşidlərə bağlı olmamaq, həmçinin Misir Vəqflər Nazirliyinin rəsmi qarisi statusuna malik olmamaq qeyd olunub.
Müsabiqənin vilayət mərhələsi şənbə, 16 avqust 2025-ci ildə Misirin bütün vilayətlərində başlanır və 3 sentyabr 2025-dək davam edəcək.
Yarışda ümumilikdə 4 min 708 iştirakçı iştirak edəcək. Mərkəzi ilkin mərhələ isə 6–11 sentyabr 2025-ci il tarixlərində Misir Vəqflər Akademiyasında 300 iştirakçının iştirakı ilə keçiriləcək.
Bundan əlavə, 25 sentyabrda 28 finalçı kamera qarşısında dayanmaq və çıxış bacarıqları üzrə xüsusi təlim keçəcəklər. Daha sonra isə müsabiqənin final mərhələsi oktyabr 2025-ci ildə baş tutacaq.
4300160