IQNA

Həmasın Qəzzada atəşkəs təklifinə razılığı

9:47 - August 19, 2025
Xəbər sayı: 3498717
İQNA - Fələstin İslam Müqaviməti Hərəkatına yaxın bir mənbənin bildirdiyinə görə, Həmas Qəzza zolağında atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı Misir və Qətərin yeni təklifini qəbul etdiyini vasitəçilərə çatdırıb.

“Əl-Cəzirə”-nin məlumatına əsasən, Fələstin İslam Müqaviməti Hərəkatı (Həmas) Qahirədə Misir və Qətər nümayəndə heyətləri ilə birgə görüşdən sonra Misirin təqdim etdiyi planı qəbul etdiyini açıqlayıb.

Bu mövzuda Həmasdan bir mənbə “Əl-Cəzirə”yə deyib: “Biz dünənki təklifə razılığımızı vasitəçilərə bildirdik.”

Bundan əvvəl məlumatlı mənbələr qeyd etmişdilər ki, Misir tərəfi Qəzzada müharibənin dayandırılması ilə bağlı yeni bir təklif irəli sürüb. Mənbələrin sözlərinə görə, bu təklif ABŞ-ın Qərbi Asiya üzrə xüsusi elçisi Stiv Vitkofun planı ilə uyğun məqamlar daşıyır və daha geniş anlaşmalar üçün zəmin yarada bilər.

Yayılan məlumatlara görə, bu təklif bir neçə əsas maddəni əhatə edir:

10 sağ sionist əsirin azad olunması və həlak olmuş əsirlərə aid 18 cəsədin təhvil verilməsi,

BMT və Qızıl Xaç kimi beynəlxalq qurumlar vasitəsilə Qəzzaya humanitar yardımların daxil olması,

60 günlük atəşkəsin tətbiqi,

Atəşkəslə eyni vaxtda müharibənin tam bitirilməsi üçün danışıqların başlanması.

Bu çərçivədə, işğalçı İsrailin “i24news” kanalı da Qahirədəki mənbələrə istinadən xəbər verib ki, Həmas vasitəçilərə heç bir dəyişiklik etmədən bu planı qəbul etməyə hazır olduğunu bildirib.

Bununla yanaşı, fələstinli mənbələr “Əş-Şərq” telekanalına bildiriblər ki, Həmas Qahirədə yerləşən fələstinli qrupların liderləri ilə daxili məsləhətləşmə prosesinə başlayıb.

“Əş-Şərq”ə yaxın mənbələr də vurğulayıb ki, Həmas Misir və Qətərin təklifini ciddi şəkildə nəzərdən keçirir və ehtimal var ki, onu rəsmi şəkildə qəbul etsin.

Bu barədə “Əl-Hədəs” telekanalı da məlumat yayıb ki, Həmasa günün sonuna qədər bu planla bağlı yekun mövqeyini açıqlaması üçün vaxt verilib.

Digər tərəfdən, sionist KİV-ləri xəbər veriblər ki, İsrail rəsmilərindən bəzilərinin yalnız “tam razılaşma”ya (mərhələli yox) tərəf olduqlarını deməsinə baxmayaraq, Tel-Əvivin də bu təklifi qəbul edəcəyi gözlənilir.

Bir sionist mənbə mediaya açıqlamasında deyib: “Hər şey Həmasın qərarından asılıdır.”

Qətər Xarici İşlər Nazirliyi də yaydığı bəyanatda bildirib ki, Misir Prezidenti Qətər Əmiri və Qətərin Baş naziri və Xarici İşlər Naziri ilə birlikdə Qəzza məsələsində vasitəçiliklə bağlı ortaq səyləri müzakirə edib.

Bəyanatda həmçinin vurğulanıb ki, tərəflər müharibəni dayandırmaq və Qəzza zolağında mövcud problemləri və əzabları aradan qaldırmaq üçün razılaşmaya nail olmaq istiqamətində görülən səyləri də müzakirə ediblər.

4300609

captcha