“İQNA”-nın “qurancomplex.gov”-a istinadən verdiyi xəbərə görə, Mədinədəki Kral Fəhd Quran çap kompleksi 2025-ci ilin avqustunda (keçən ay) 31 ölkədən 97 min 245 nəfərin ziyarətinə şahid olub. Ziyarətçilər Mədinə ziyarətçiləri, ümrə ibadətçiləri və Səudiyyə Ərəbistanının “Kral Əbdüləziz” beynəlxalq Quran müsabiqəsinin qonaqları olublar.
İndoneziya, Fransa, Almaniya, Hindistan, Pakistan, Çin, İraq, Misir və ABŞ-dan olan ziyarətçilər Kral Fəhd kompleksində Qurani-Kərimin çap və nəşr mərhələləri ilə yaxından tanış olublar.
Kompleksə ziyarət proqramı hər gün səhər və axşam olmaqla iki növbədə həyata keçirilib.
Kral Fəhd Quran çap və nəşr kompleksi dünyanın ən böyük Qurani-Kərim çap və paylama mərkəzi olub, 30 oktyabr 1984-cü ildə Mədinədə açılışı gerçəkləşib.
Bu kompleks, Səudiyyə Ərəbistanının ən mühüm müasir mədəni və dini mərkəzlərindən biri sayılır və Qurani-Kərimin düzgün nüsxələrinin müxtəlif qiraətlər üzrə çapı və İslam ölkələri başda olmaqla, bütün dünyaya paylanmasında mühüm rol oynayıb.
Mərkəzin əsas missiyası İslam alimləri və Quran elmləri mütəxəssisləri tərəfindən təsdiqlənmiş mutəvatir qiraətlər üzrə Qurani-Kərimi çap və nəşr etməkdir. İlkin nüsxələr xəttat tərəfindən hazırlandıqdan sonra mətn hərf-hərf, söz-söz dəqiqliklə yoxlanılır və təsdiqlənmiş nümunə ilə tutuşdurulur. Bu nəzarəti “Quran nüsxələrinin uyğunlaşdırılması və yoxlanılması üzrə elmi komitə” həyata keçirir. Bu işdə İslam dünyasının tanınmış qarilərinin səsli tilavətlərindən də istifadə olunur.
Çap prosesinə nəzarət sistemi bir neçə mərhələdən ibarətdir və ilkin nəzarətlə yanaşı, çapın gedişində nəzarət, həmçinin son nüsxələrin yoxlanmasını da əhatə edir.
Nəzarət mərkəzinin yanında Qurani-Kərimin müxtəlif dillərə tərcüməsi ilə məşğul olan Tərcümə Mərkəzi də fəaliyyət göstərir. Bu addım ərəb dilini bilməyən müsəlmanların Qurani-Kərimi anlamaq imkanlarını asanlaşdırmaq üçün həyata keçirilir. Bu, həmçinin Peyğəmbərin (s) ilahi mesajı bütün bəndələrə çatdırmaq tövsiyəsinə uyğun olaraq görülən bir işdir.
4303175