IQNA

Ənsarullah Yəmən lideri: "Fələstinə dəstəyi davam etdirəcəyik"

11:45 - September 22, 2025
Xəbər sayı: 3498906
İQNA - Yəmənin Ənsarullah hərəkatının lideri çıxışında Yəmənin fələstinlilərə dəstəyini və sionist rejimi hədəf almağı vurğulayıb.

“İQNA”-nın “Əl-Məsirə”yə istinadla verdiyi xəbərə görə, Ənsarullah lideri Seyyid Əbdülməlik əl-Husi 21 sentyabr inqilabının 11-ci ildönümü münasibətilə çıxışında bildirib ki, bu inqilab böyük bir azadlıq hərəkatı olub və Yəmən xalqı iman və müstəqilliyinə söykənərək, xüsusilə ABŞ-ın xarici hegemonluğunu sındıraraq ölkəni asılılıqdan qurtarıb.

O, çıxışında 21 sentyabr inqilabını ilahi və misilsiz bir nailiyyət adlandıraraq deyib: “Bu hərəkat Yəmən xalqının öz mənəvi köklərindən qaynaqlanıb. Bu, media təbliğatı ilə deyil, açıq-aşkar həqiqətlərlə isbat olunub.”

Əl-Husi əlavə edib: “Bu inqilab xalqın maliyyə dəstəyi ilə formalaşıb və heç bir xarici qüvvəyə bağlı olmayıb.”

Ənsarullah lideri ABŞ səfirliyinin Sənadakı roluna işarə edərək deyib: “İnqilabdan əvvəl ABŞ-ın səfiri faktiki olaraq prezidentdən və dövlət rəsmilərindən üstün mövqedə idi və bütün sahələrə müdaxilə edirdi. Hətta təhsil, məhkəmə və mədəniyyət proqramlarına da birbaşa qarışırdılar.”

Onun sözlərinə görə, inqilabdan əvvəl yəmənli zabitlər amerikalı məmurların göstərişi ilə ölkənin hava hücumundan müdafiə sistemlərini dağıtmışdılar.

O, Yəmən inqilabını saf bir inqilab adlandıraraq vurğulayıb ki, inqilabçılar tərəfindən heç bir qisas və ya zülm edilməyib, əksinə bütün xalq üçün təhlükəsizlik və asayiş təmin olunub.

Əl-Husi xəbərdarlıq edib ki, ABŞ, sionist rejim və onların regional əlaltıları firqəvi, qəbiləvi və məzhəbi ixtilafları qızışdırmaqla Yəmən cəmiyyətini parçalamaq istəyirlər və xalq üçün heç bir həqiqi layihələri yoxdur.

Ənsarullah lideri bildirib: “ABŞ və İsrail inqilabın ilk günlərində onu regionun ən təhlükəli hadisəsi adlandırdılar. Çünki Yəmən xalqının azadlığı Yaxın Şərqdə sionist planları üçün birbaşa təhdiddir.”

Onun sözlərinə görə, düşmənlər regional alətlərdən, xüsusilə Səudiyyə rejimi və BƏƏ-dən istifadə etməklə və ABŞ, İngiltərə və İsrailin birbaşa dəstəyi ilə Yəmənə təcavüzə başladılar.

Əl-Husi əlavə edib: “Səkkiz illik müharibə ərzində Yəmən xalqına misilsiz cinayətlər və mühasirə tətbiq olundu, ölkənin bəzi bölgələri hələ də işğal altındadır. Amma ABŞ və İsrail bütün bu tədbirlərə baxmayaraq məğlub oldular.”

O vurğulayıb: “Yəmən xalqı iman kimliyi ilə azadlıq yolunu və Fələstinə dəstəyi davam etdirəcək və heç vaxt xaricilərin hegemonluğu altına girməyəcək.”

4306278

captcha