“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu ilə Donald Trampın Qəzza üçün hazırladığı yeni plan barədə reaksiyalar davam edir. Hər iki tərəf Həmasa xəbərdarlıq ediblər ki, ABŞ-ın bu 20 maddəlik planını qəbul etsin.
Bəyanata əsasən, həmin ölkələrin xarici işlər nazirləri hesab edirlər ki, Trampın planı müharibənin başa çatması, Qəzza zolağının bərpası və fələstinlilərin Qəzzadan çıxarılmasının qarşısının alınması ilə sülh prosesinə kömək edir.
Onlar həmçinin bəyan ediblər ki, ABŞ prezidentinin sülh yolu tapmaq qabiliyyətinə güvənirlər.
Bəyanatda əlavə olunub ki, bu ölkələr ABŞ və digər tərəflərlə bu sazişin uğuru, region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyin təmin olunması naminə müsbət və konstruktiv əməkdaşlığa hazırdırlar.
Qətər, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri ABŞ-la əməkdaşlığa sadiq qaldıqlarını bildirərək Qəzza zolağında müharibəyə son qoyacaq hərtərəfli sazişin əldə olunmasını dəstəkləyiblər. Bu sazişin şərtlərinə şərtsiz və kifayət qədər humanitar yardımın daxil olması, fələstinlilərin qovulmaması, əsirlərin azad edilməsi, bütün tərəflərin təhlükəsizliyini təmin edəcək təhlükəsizlik mexanizminin yaradılması, İsrail rejiminin Qəzzadan tam çıxması, regionun yenidən qurulması və Qəzza ilə İordan çayının qərb sahilini birləşdirəcək iki dövlətli həll əsasında sülhə nail olunması səylərinin artırılması daxildir.
Trampın Qəzza ilə bağlı sülh planına beynəlxalq reaksiyalar davam edir.
Britaniyanın baş naziri Kir Starmer bazar ertəsi axşam bu planı dəstəklədiyini bildirib və bütün tərəfləri, o cümlədən Həması, “bu planı qəbul etməyə, silahları yerə qoymağa və qalan bütün girovları azad etməyə” çağırıb ki, əzablara son verilsin.
Britaniyanın sabiq baş naziri Toni Bler də bu “cəsarətli” sülh planını alqışlayaraq bildirib ki, bu plan “cəsarətli və ağıllıdır”.
O əlavə edib: “Bu plan müharibəni sona çatdıra, Qəzzaya dərhal sakitlik gətirə, xalq üçün daha parlaq və yaxşı gələcək imkanı yarada, eyni zamanda İsrailin tam və daimi təhlükəsizliyini və bütün girovların azad olunmasını təmin edə bilər”.
Bler həmçinin bu planı “təxminən iki ildən sonra müharibəyə son qoymaq üçün ən yaxşı fürsət” adlandırıb.
Fransa prezidenti Emmanuel Makron da bu təklifi yüksək qiymətləndirib və bildirib: “Fransa müharibəyə son qoymaq və girovların azad olunması səylərində iştirak etməyə hazırdır”.
O əlavə edib: “Bu elementlər bütün tərəflərlə dərin danışıqlar aparmaq üçün zəmin yaratmalıdır ki, regionda iki dövlətli həll əsasında davamlı sülh bərqərar olsun”.
Avropa Şurasının sədri Antonio Kosta isə Netanyahu hökumətinin bu təklifə verdiyi “müsbət cavabdan ümidləndiyini” bildirib. O vurğulayıb ki, “bütün tərəflər bu fürsətdən istifadə edərək sülhə real şans verməlidirlər”.
Bununla belə, hələlik planın şərtləri və icra mexanizmi ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
4307930