IQNA

İslam–xristian ailə mövzusunda Albaniyada keçirilən toplantı

9:52 - October 26, 2025
Xəbər sayı: 3499092
İQNA - Albaniyanın Berat şəhərinin İslam Şeyxliyi tərəfindən “Ailə və onun dəyərlərinin qorunması naminə birlikdə” mövzusu ilə İslam–xristian toplantısı bu şəhərdə təşkil olunub.

“Muslimsaroundtheworld” xəbər verir ki, bu toplantı Albaniyanın müftisi Bülbül Tala-nın nəzarəti ilə keçirilib və burada müsəlman və xristian dini liderləri, həmçinin siyasi və ictimai qurumların nümayəndələri iştirak ediblər. Məqsəd ailənin insan, dini və milli dəyər kimi yerinin möhkəmləndirilməsi olub.

Seminarda Pravoslav və Katolik kilsəsinin nümayəndələri, parlament üzvləri, müxtəlif siyasi qanadlardan olan təmsilçilər, şəhər merləri, təhsil müəssisələrinin rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edərək müasir sosial və fikri dəyişikliklərin fonunda Alban ailəsini gözləyən çətinlikləri müzakirə ediblər.

Albaniyanın müftisi Bülbül Tala çıxışında bildirib ki, ailə İslam ümmətinin dayağı və məhəbbət, əxlaq və iman kimi dəyərlərin beşiyidir. Bu müqəddəs institutun zəiflədilməsinə yönəlmiş hər cür cəhddə cəmiyyətin birgə məsuliyyəti və milli birlik mövqeyi ilə qarşı durulmalıdır. Çünki ailədən yayınmaq, kimlikdən, dəyərlərdən və gələcəkdən yayınmaq deməkdir.

İştirakçılar həmçinin vurğulayıblar ki, ənənəvi Alban ailəsi müqəddəs və toxunulmaz bir dəyəri təmsil edir və onu zəiflətməyə yönəlmiş hər hansı fikir və ya qanun qarşısında cəmiyyətin, dövlətin və dini qurumların vəzifəsi bu dəyəri qorumaqdır.

Berat İslam Şeyxliyi sonda ailə dəyərlərinin və əxlaq prinsiplərinin müdafiəsi istiqamətində birgə mövqe sərgilədiklərinə görə bütün iştirakçılara təşəkkür edib və Albaniya cəmiyyətində ailə mədəniyyətinin möhkəmləndirilməsi və sosial birliyin qorunması üçün öz səylərini davam etdirəcəyini bəyan edib.

4312630

Teqlər: albaniya ، ailə ، müsəlman ، xristian
captcha