“İQNA”-nın “əl-Mədinə”yə istinadla verdiyi xəbərə görə, bu yarışlar Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən “İmam Sərxsi” Cümə məscidində keçirilib. Bağlanış mərasimində 2025-ci ilin “Qurana Xidmət” nişanı Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğ və İrşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Ali Şeyxə təqdim edilib. O, Qurana xidmət, İslam ümmətinin övladlarını Quranı əzbərləməyə və onun təlimləri üzərində düşünməyə təşviq etdiyi üçün təltif olunub.
Mərasimdə Qırğızıstan müftisi Şeyx Qari Əbdüləziz Zakirov, Səudiyyə Ərəbistanının Bişkekdəki səfiri İbrahim bin Radi ər-Radi, həmçinin Qırğızıstanın siyasi, ictimai və mədəni xadimləri iştirak ediblər.
Qırğızıstanın Milli Dini və Millətlərarası Münasibətlər Agentliyinin rəhbəri Yusupov Əzəmət Mamatoviç bu tədbirdə “Qurana Xidmət” nişanını Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyinin müşaviri Məhəmməd əl-Ərifiyə, nazirin nümayəndəsi qismində təqdim edib.
Qırğızıstan Milli Dini Agentliyi bildirib ki, bu nişan Şeyx Əbdüllətif Ali Şeyxin 2025-ci ildə keçirilən Qırğızıstan üzrə üçüncü ümumrespublika Quran hifzi müsabiqəsinə verdiyi dəstəyə və iki ölkə arasında dostluq münasibətlərinin gücləndirilməsinə görə ona təqdim olunub.
Qırğızıstan üzrə üçüncü ümumrespublika Quran hifzi müsabiqəsində ölkənin müxtəlif təbəqələrindən olan 300 iştirakçı qatılıb və onun keçirilməsində Qırğızıstan Müsəlmanları Dini İdarəsi əməkdaşlıq edib.
4313599