IQNA

İraq xəttatı dünyanın ən böyük əlyazması Quranını köçürüb

10:47 - October 30, 2025
Xəbər sayı: 3499123
İQNA - 54 yaşlı iraqlı xəttat Əli Zaman altı il ərzində dünyanın ən böyük əlyazması Quranını köçürməyi bacarıb.

“Əl-Vətən News”un verdiyi xəbərə görə, bu Quran altı illik fədakar və ilhamverici əməyin nəticəsində, hazırda İstanbulda yaşayan iraqlı sənətkar Əli Zaman tərəfindən xəttatlıqla yazılıb.

Əli Zamanın əlyazması Qurani-Kərimi ərəb xəttatlığında bənzəri olmayan bir əsər kimi, ölçü baxımından əvvəlki bütün rekordları geridə qoyub və bu iraqlı xəttatın İslam irsini diriltməkdəki sədaqətini nümayiş etdirir.

Əli Zaman 1971-ci ildə İraqın şimalında, Süleymaniyyə bölgəsinin Raniyə adlı məntəqəsində anadan olub və gənc yaşlarında İslam xəttatlığına olan marağını kəşf edib.

O, əvvəlcə zinət əşyaları ustası kimi fəaliyyət göstərib, lakin 2013-cü ildə bu sənəti tərk edərək bütün vaxtını xəttatlığa həsr edib.

2017-ci ilin may ayında o, ailəsi ilə birlikdə İstanbuldakı tarixi Fatih bölgəsinə köçüb ki, bu da Əli Zamanın istedadını inkişaf etdirmək üçün daha uyğun bir mühit yaradıb.

Əli Zamanın oğlu Rəkar Zaman bu barədə deyib: “Türkiyə, İraqla müqayisədə, xəttatlığa və İslam incəsənətinə daha çox dəyər verir.”

Əli Zaman bu nəhəng layihəsinə 2019-cu ildə başlayıb və ənənəvi qamış qələm və İslam xəttatlığının ən mühüm üslublarından biri olan sülüs xətti ilə Qurani-Kərimi 4 metr uzunluğunda və 1,5 metr enində böyük səhifələr üzərinə köçürüb.

Bu Quran yüzlərlə səhifədən ibarətdir və 2012-ci ildə tamamlanmış, 2,28 metr uzunluq və 1,55 metr en ölçüsünə malik Əfqanıstanın əvvəlki Quran nüsxəsindən daha böyükdür.

İraqlı xəttat deyib: “Bu iş mənim üçün böyük bir sevincdir; çünki çox az adamın bacardığı və ya cəsarət etdiyi bir əsər yaratmaq bənzərsiz bir hissdir. Bu Quranın hər bir hərfində mənim ruhum və zəhmətim var.”

Layihə şəxsi vəsaitlə həyata keçirilib və Əli Zaman 2023-cü ildə səhhətində yaranan ciddi problemlər səbəbilə işin bir müddət dayandırılmasına baxmayaraq, işini davam etdirib və onu tamamlayıb.

4313574

Teqlər: İraq ، xəttat ، əlyazma quran ، quran
captcha