“İQNA”-nın “Arabi 21”ə istinadən verdiyi xəbərə görə, İrlandiyanın ucuz aviadaşımalar şirkəti Ryanair öz internet saytında Tel-Əvivi uçuş istiqamətlərindən silib. Bu addım Qəzza zolağında sionist rejimin ardıcıl üçüncü il davam edən soyqırımı müharibəsinin fonunda atılıb.
İsrailin “Jerusalem Post” qəzetinin məlumatına əsasən, şirkət təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbilə İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırdıqdan sonra, uçuş cədvəlini yeniləyərək Tel-Əvivi istiqamətlər siyahısından çıxarıb.
2023-cü il 7 oktyabrdan bəri sionist rejim, ABŞ-ın birbaşa dəstəyi ilə, beynəlxalq ictimaiyyətin çağırışlarına və Beynəlxalq Ədalət Məhkəməsinin əməliyyatların dayandırılması barədə göstərişlərinə məhəl qoymayaraq, Qəzza sakinlərinə qarşı genişmiqyaslı soyqırımı törədib və minlərlə insanı didərgin salıb.
Sionist rejimin hücumları nəticəsində 239 mindən çox fələstinli öldürülüb və yaralanıb ki, onların əksəriyyəti qadın və uşaqlardır. Bundan əlavə, 11 min nəfər itkin düşüb və onların taleyi naməlum olaraq qalır. Yüz minlərlə insan didərgin düşüb və dağıdıcı aclıq xüsusilə uşaqlar arasında çoxlu sayda insanın ölümünə səbəb olub.
Müharibə başladıqdan bəri Ryanair İsrailə və İsraildən uçuşlarını üç dəfə dayandırıb. Sonuncu dəfə bu, Yəməndəki Ənsarullah tərəfindən may ayında Ben Qurion hava limanı yaxınlığına raket düşdükdən sonra baş verib.
Gözlənilirdi ki, aviaşirkət oktyabrın sonunda hava limanına uçuşları bərpa etsin.
Bundan əvvəl şirkət Ben Qurion hava limanının 1-ci terminalından istifadə etmək üçün müraciət etmiş və buna icazə almışdı. Lakin İsrail Hava Limanları İdarəsi sonradan qərarını ləğv edərək bu terminaldan istifadəyə dair öhdəliyini yerinə yetirməkdən imtina edib.
4318250