Fələstin xəbər agentliyi “Maan”-ın məlumatına görə, Finlandiyanın ən böyük supermarketlər şəbəkəsi sayılan S Group İsrail mallarının satışını dayandıracağını bəyan edib.
Şirkətin açıqlamasında deyilir: “S Group artıq İsrail malları satmayacaq.”
Məlumatlara əsasən, bu qərar ötən ilin sentyabr ayında qəbul edilib və Avropa Komissiyasının Avropa İttifaqı ilə İsrail rejimi arasında əməkdaşlıq sazişinin ticarət müddəalarının dayandırılması təklifilə əlaqəlidir.
Şirkət rəhbərlərindən Nina Aloma qeyd edib ki, S Group sülh danışıqları prosesini və Aİ-nin qərarlarını yaxından izləyir və lazım gəldikdə bu qərara yenidən baxmağa hazırdır.
Avropa Komissiyası ötən ilin sentyabrında Avropa Şurasına bir təklif təqdim edib ki, həmin təklif İsrailə verilən ticarət imtiyazlarının dayandırılmasını və İsrail rejimi hökumətindəki ifrat sağçı nazirlərə və “zorakı məskunlaşanlara” qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.
Komissiyanın açıqlamasına görə, bu təklif Aİ–İsrail əməkdaşlıq sazişinin 2-ci maddəsinin icrasının qiymətləndirilməsindən sonra irəli sürülüb və bu qiymətləndirmədə İsrail hökumətinin fəaliyyətlərinin insan hüquqları və demokratiyaya hörmət prinsiplərini pozduğu nəticəsinə gəlinib. Buna görə də Aİ-yə bu sazişi birtərəfli qaydada dayandırmaq hüququ verilir.
Açıqlamaya görə, bu dayandırılma sazişin əsas ticarət müddəalarını əhatə edir ki, bu da praktik olaraq o deməkdir ki, İsraildən idxal olunan məhsullar Avropa bazarına əvvəlki güzəştlərlə daxil ola bilməyəcək. Nəticədə, həmin mallar Aİ ilə azad ticarət sazişi olmayan ölkələrə tətbiq edilən rüsumlarla eyni səviyyədə tariflərə məruz qalacaq.
Bu ticarət tədbirləri Aİ üzv dövlətləri tərəfindən qəbul olunduğu halda, İsrail rejimindən idxal olunan bəzi məhsulların, xüsusilə kənd təsərrüfatı məhsullarının xərcini təxminən 227 milyon avro artıracaq.
Bu sanksiyalar yalnız 27 üzv ölkənin hamısı razılaşdığı halda qüvvəyə minəcək və İsraildən gələn idxalın təxminən 37 faizinə təsir edəcək ki, bunun da böyük hissəsi qida sənayesi məhsullarıdır.
Aİ İsrail rejiminin ən böyük ticarət tərəfdaşıdır və 2024-cü ildə İsrailin ümumi mallar ixracının 32 faizini (15,9 milyard avro) təşkil etmişdir. Bununla yanaşı, İsrail Aİ üçün 31-ci ən böyük ticarət tərəfdaşı sayılır.
4318128