“İQNA”-nın “News Room”-a istinadən verdiyi məlumata görə, Kataloniya polisi Rubi şəhərində otuz yaşlarında olan bir kişini sosial media platformalarında müsəlmanlara qarşı təşkil olunmuş və sistematik təxribat kampaniyası ilə bağlı geniş araşdırmalardan sonra həbs edib. Bu kampaniya miqrantların ölkədən çıxarılması çağırışlarını və müsəlman qadınların hicabını yandıran bir kişinin videosunu əhatə edirdi.
Müqəssir sosial şəbəkələrdə “İspan kimliyinin keşikçisi” adı altında fəaliyyət göstərir, üzünü gizlətmək üçün maskadan istifadə edirdi. O, hesablarını daxili düşmənçilik yaratmaq məqsədilə irqçi məzmunların yayılması üçün platformaya çevirmişdi. Müsəlman miqrantları ölkədə baş verən cinayətlərə görə ittiham edir və müsəlmanların zorla çıxarılması üçün özbaşına qrupların yaradılmasına çağırırdı.
Polisin müdaxiləsi həmin şəxsin kamera qarşısında hicabı yandırdığı videonun yayılmasından sonra baş verdi. Bu əməl dini bir simvola birbaşa hücum və milyonlarla müsəlman qadına təhqir kimi qiymətləndirildi. Rəsmilər bu hərəkəti sosial mediada radikal diskursun ciddi şəkildə güclənməsi və zorakı akt kimi dəyərləndirərək, təcili müdaxiləni zəruri hesab etdilər.
Keçən fevral ayında Nifrət və Ayrı-seçkilik Cinayətləri Şöbəsi tərəfindən başlanmış araşdırmalar təqsirləndirilən şəxsin fəaliyyətlərinin artan xarakterini üzə çıxardı. O, evində həbs olunaraq, ictimai nifrət və ayrı-seçkiliyə təhrik, dini simvola təhqir ittihamları ilə üzləşdi.
İspaniya rəsmiləri vurğuladılar ki, söz azadlığı nifrət yaymaq və zorakılığa təhrik etmək üçün bəhanə ola bilməz və sülhün, ictimai həmrəyliyin qorunmasının vacibliyini qeyd etdilər.
Bu kontekstdə Əl-Əzhərin İfratçılıqla Mübarizə Müşahidə Mərkəzi nifrət yayan şəxslərin izlənilməsində təhlükəsizlik ayıqlığının əhəmiyyətini vurğuladı və hicabın yandırılması, müsəlmanların qovulmasına çağırışın Avropa cəmiyyətlərinin təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid olduğunu bildirdi.
Qurum həmçinin dini simvolların yandırılması və sözlü hücumların artması təhlükəsinə diqqət çəkərək, bunu zorakı ifratçılığa psixoloji meylin təhlükəli göstəricisi kimi qiymətləndirdi. Bu səbəbdən, sosial məkanın ifrat sağçı təxribatçı fəaliyyətlər üçün meydan olmaması üçün daha sərt hüquqi və texniki tədbirlərin görülməsini zəruri hesab etdi.
4322371