“İQNA”-nın “Əl-Buslə”yə istinadən verdiyi xəbərə görə, Hindistan rəsmiləri şimaldakı Uttar-Pradeş ştatının Mirzapur rayonunda təxminən 600 illik bir məscidi yandırdıqlarına görə beş nəfəri saxlayıblar. Hadisə imam-camaatın məscidin içində yatdığı vaxt baş verib.
Polis bu beş şübhəli barəsində dini məkanın təhqir edilməsi və partlayıcı maddələrdən istifadə ittihamları ilə cinayət işi açdıqdan sonra onları həbs edib.
Bölgə sakinlərindən biri olan Asif Məstən bildirib ki, hadisə təxminən gecə saat 2:30-da baş verib. İnsanlar yanğından, psixi pozuntudan əziyyət çəkən qardaşını axtarmaq üçün çölə çıxmış gəncin bunu görməsi ilə xəbər tutublar.
Məstən əlavə edib: “Rəsmilər bu yanğının motivlərini araşdıracaqlar, amma ölkədə anti-islam hisslərinin nə dərəcədə güclü olduğunu bilirsiniz. Bu gənclər belə bir əməli törətmək fikrinə haradan düşüblər? Onların təkbaşına hərəkət etdiklərinə inanmaq çətindir. Görünür, bu hadisənin arxasında daha böyük bir plan var”.
O davam edib: “Ola bilsin, Hindistanda hindu və müsəlmanlar arasında məzhəbi ixtilafları alovlandırmaq niyyəti güdülüb. Polis bu məsələləri üzə çıxara bilər”.
Məstən vurğulayıb: “Şəhər sakitdir və müxtəlif mənşəli insanlar heç bir gərginlik və ya məzhəbi qarşıdurma olmadan yanaşı yaşayırlar”.
O əlavə edib: “İnsanlar sadəcə olaraq bu məscidə hücumdan sonra dərhal günahkarların tutulmasını və hər hansı gərginliyin artmasının qarşısının alınmasını istəyirlər. Həmçinin bu hadisənin arxasındakı planın ifşa olunmasını və iştirak edənlərin cavab verməsini tələb edirlər”.
Mirzapur polis rəisinin müavini isə bildirib ki, bəzi şəxslər spirtli içkilər qəbul etdikdən sonra məscidin darvazasına ziyan vurublar.
O deyib: “Polis bölməsinə, spirtli içki qəbul etdikdən sonra bir qrup gəncin dini bir məkanın darvazasına ziyan vurması barədə məlumat daxil olub. Məlumat daxil olan kimi müvafiq hüquqi maddələr əsasında iş açdıq, şübhəliləri müəyyənləşdirdik, onları saxladıq və müvəqqəti həbsə aldıq. Bölgədə asayiş bərpa olunub və zəruri prosedurlar davam etdirilir”.
Hadisə zamanı məscidin içində yatmış olan imam-camaat Zahid Qadiri bildirib ki, yerli gənclərdən birinin məsciddə yanğın baş verdiyini deməsindən sonra yuxudan oyanıb, dərhal alovu söndürüb və polisə xəbər verib.
Qadiri yerli mediaya deyib: “Məscidi yandıranlar antisosial ünsürlərdir. Bu məscid tarixi bir abidədir; bölgənin ən qədim və ən görkəmli məscididir. Belə bir hadisə burada indiyə qədər heç vaxt baş verməyib. Buradakı insanlar harmoniya şəraitində yaşayırlar”.
O, sonda hakimiyyət orqanlarını bu hadisənin günahkarlarına ən ağır cəzaların verilməsinə çağırıb ki, bu, ictimai harmoniyanı pozmağa cəhd edən hər kəs üçün çəkindirici bir mesaj olsun.
4323114