“İQNA”, “DİFA” xəbər agentliyinə istinadən xəbər verir ki, bu unikal mədəni tədbir, İslam tarixinin müxtəlif dövrlərində, şərqdən qərbə, Mərkəzi Asiyadan Əndəlüsə qədər geniş coğrafiyada Quranın kitabət sənətinin tarixi inkişafını əks etdirir.
Ayın sonuna qədər davam edəcək bu sərgi, ziyarətçiləri ilkin Kufi xətindən, nəxs, sülüs və divani xətlərinə, hətta çap edilmiş Quranlara qədər olan inkişaf yolu ilə tanış edir və hər bir tarixi dövrün mədəni və siyasi mühitinin təsiri altında formalaşan incəsənət və bəzək fərqlərini vurğulayır.
Nadir Quranlar sərgisi, İstanbulun mədəni səhnəsində yeni bir hadisədir. İstanbul, özünü İslam irsinin paytaxtı kimi möhkəmləndirməyə davam edir və keçmişi indiki zamanla birləşdirən mədəni yığıncaqların mərkəzi olaraq qalır.
Türkiyənin Dini İşlər üzrə rəsmisi Osman Ünlü keçirilən mətbuat konfransında bildirib ki, bu sərgi İslam coğrafiyasını bir yerə yığır və Quranın, müxtəlif dillər və mədəniyyətlər arasında insanları necə birləşdirdiyini göstərir.
O, həmçinin əlavə edib ki, Quran nüsxələrindəki xətt və bəzək müxtəlifliyi çoxsaylı incəsənət məktəblərini əks etdirir, eyni zamanda isə əsrlər boyu Quran mətni birliyini vurğulayır.
Ünlü qeyd edib ki, sərgi yalnız incəsənət aspekti ilə məhdudlaşmır, həm də tarix boyu Quranı-Kərimə göstərilən xüsusi diqqəti və müqəddəs bir mətn olaraq Quranın, İslam elmlərinin və incəsənətinin mərkəzi, eləcə də dillərin və mədəniyyətlərin müxtəlifliyinə baxmayaraq, İslam millətlərini birləşdirən körpü olduğunu vurğulayır.
4330175