IQNA

“İntizar Sənəti” sərgisinin İmam Əli (ə) hərəmində keçirilməsi

11:18 - February 18, 2026
Xəbər sayı: 3499768
İQNA – Bir neçə ölkənin sənətçiləri tərəfindən hazırlanan əsərlərdən ibarət “İntizar Sənəti” festivalı çərçivəsində təşkil olunan sərgi İmam Əli (ə) hərəmi tərəfindən nümayiş etdirilib.

“İQNA”-nın İmam Əli (ə) hərəminin informasiya portalına istinadən verdiyi xəbərə görə, İraqda bu tipdən olan ilk tədbir sayılan “İntizar Sənəti” sərgisində həmin tədbir zamanı yaradılmış sənət əsərləri təqdim olunub.

İştirakçı sənətçilər “intizar” anlayışından və onun mənəvi‑insani təzahürlərindən ilhamlanaraq yüzdən çox rəsm əsərini nümayiş etdiriblər.

Proqramın icraçı direktoru Xadim Cəfər Bədirinin sözlərinə görə, sərgidə rəsm, bəzək nümunələri, oyma işləri, rəqəmsal dizaynlar, xəttatlıq nümunələri və heykəllər də daxil olmaqla təxminən 100 müxtəlif sənət əsəri təqdim olunub. Bu əsərlər “İntizar Sənəti” tədbirində iştirak edən sənətçilər tərəfindən onların burada qaldıqları müddətdə yaradılıb. Əsərlər mübarək Ramazan ayı boyunca İmam Əli (ə) hərəminin daimi sərgi məkanında – Həzrət Fatimə (s.ə) həyətində nümayiş etdiriləcək.

Digər tərəfdən, Qaf Sənət və Media Fondunun ictimai əlaqələr direktoru Mustafa Adil bildirib ki, sərgidə təqdim olunan əsərlər mövzu və üslub baxımından çox rəngarəngdir. Sənətçilər İmam Mehdiyə (ə.f) dair Quran ayələri və hədislərdən, eləcə də “Nudbə duası” kimi dualardan ilham alıblar. Onlar həmçinin İslam mədəniyyətinə söykənən Hərəmin sənət və bəzək elementlərindən bəhrələniblər ki, bu da əsərlərə xüsusi mənəvi və dini ruh bəxş edib.

O əlavə edib ki, bu tədbir Əhli‑beyt (ə) mədəniyyəti, intizar fəlsəfəsi və insanların arzusunda olduğu xilaskar anlayışı ilə tanış olmaq üçün bir fürsət yaratdı. Sənətçilər də məhz bunu öz əsərlərində əks etdirdilər; hər bir tablo sənətçinin kimliyini və təcrübəsini əks etdirən bir hekayə və mesaj daşıyır. O, tədbirin uğurunda mühüm rolu olan İmam Əli (ə) hərəminə, eləcə də Hərəmin Baş Katibliyinə və Media İdarəsinin rəhbərinə təşəkkürünü bildirib.

“İntizar Sənəti” tədbiri Hindistan, Çin, Malayziya, Bəhreyn, BƏƏ, Küveyt, İran, Braziliya, Özbəkistan, Oman, Suriya, Livan və İraq kimi ölkələrdən geniş sənət və mədəniyyət iştirakını özündə birləşdirərək təsviri sənətin xalqlar arasında ünsiyyət körpüləri yaratmaq və ortaq dəyərləri möhkəmləndirmək gücünü nümayiş etdirir.

4334739

Teqlər: İmam Əli ، intizar ، sənət ، sərgi
captcha