“İQNA”, “Əl-Cəzirə”-yə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sərt tənqidi çıxışında deyib: “İsrail ordusu atəşkəsin elan olunduğu gün 254 livanlını amansızcasına qətlə yetirib”. Onun sözlərinə görə, “qan və kinlə dolu bu soyqırım şəbəkəsi bütün insani prinsipləri pozur və heç bir qaydaya əməl etmədən günahsız uşaqları, qadınları və mülki şəxsləri öldürməyə davam edir.”
Ərdoğan İstanbulda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) qadınlar şöbəsinin toplantısına ev sahibliyi etdikdən sonra çıxış edərək vurğulayıb ki, atəşkəs elan olunmasına baxmayaraq, İsrailin Livandakı hücumları dayanmayıb və onların təsiri hələ də adi insanlar və mülki əhali üçün davam edir.
1,2 milyon qaçqın və atəşkəs günü baş verən qırğın
Türkiyə Prezidenti martın 2-dən bəri insan tələfatı ilə bağlı dəhşətli rəqəmlərə toxunaraq bildirib ki, İsrailin Livanın mülki bölgələrinə hücumları təxminən 1 milyon 200 min insanın didərgin düşməsinə səbəb olub. Bu müddətdə 1500-dən çox insan həyatını itirib, 4700 nəfər isə yaralanıb.
Ərdoğan əlavə edib: “Təəssüf doğuran məqam odur ki, bu qurbanlardan 254 nəfəri məhz atəşkəs xəbərinin elan olunduğu gün öldürülüb; bu, insani prinsiplərin açıq şəkildə pozulmasıdır.”
Prezident çıxışının davamında Qəzzadakı humanitar böhrana da toxunub və bildirib ki, Yaxın Şərqdəki davam edən qarşıdurmalarda ən çox zərər çəkənlər qadınlar və uşaqlardır.
Onun sözlərinə görə, Qəzzada İsrail tərəfindən öldürülən 72 mindən çox mülki şəxs arasında böyük əksəriyyəti qadınlar və uşaqlardır.
Ərdoğan bölgədəki ümumi qeyri-sabitliyə, o cümlədən Suriyadakı davam edən böhrana və İranda baş verən son hücumlara da işarə edərək bildirib ki, bütün bu münaqişələrdə ən ağır yükü mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar daşıyır.
O, çıxışının başqa bir hissəsində İsrailin son siyasətlərini kəskin tənqid edərək onları “ayrı-seçkilikçi və beynəlxalq hüquqa zidd” adlandırıb.
4345751