IQNA

Fransanın "Səmud" donanması fəallarına qarşı müharibə cinayətləri ilə bağlı araşdırması

11:50 - June 10, 2026
Xəbər sayı: 3500514
İQNA – Fransa prokurorluğu, "Səmud" donanmasının sionist rejim tərəfindən saxlanılması və donanma üzvlərinə qarşı rəftarın ardından, bu şəxslərlə bağlı müharibə cinayətləri və işgəncə faktları ilə əlaqədar araşdırmalara başlanıldığını elan edib.

“İQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu, "Səmud" donanmasında iştirak edən fransız vətəndaşlarına qarşı İsrail rəsmiləri tərəfindən törədildiyi iddia edilən işgəncə və müharibə cinayətləri ilə bağlı ilkin istintaqı başladıb.

Bu donanma ötən may ayında sionist rejimin hərbi-dəniz qüvvələri tərəfindən saxlanılmış və yüzlərlə fəal həbs olunaraq İsrailə aparıldıqdan sonra deportasiya edilmişdi. Onlarla fəal, o cümlədən iki Fransa vətəndaşı sionist əsgərlər tərəfindən alçaldılma, sui-istifadə və işgəncəyə məruz qaldıqlarına dair ifadə veriblər.

Fransa Xəbər Agentliyinin verdiyi məlumata görə, prokurorluq istintaqı İnsanlıq Əleyhinə Cinayətlərlə Mübarizə Mərkəzi İdarəsinə tapşırdığını açıqlayıb. Bu araşdırmalar "10 dekabr 1984-cü il tarixli Nyu-York Konvensiyasının tərifinə uyğun olaraq işgəncə" və "müharibə cinayətləri" hallarını araşdıracaq.

Bu hadisə, Fransanın xarici işlər naziri Jan-Noel Barronun, Fransa konsulluq heyətlərinin sionist əsgərlərin Fransa vətəndaşlarına qarşı sui-istifadə, döymə, təhqir və cinsi zorakılıq halları ilə bağlı topladığı hesabatlardan sonra işi məhkəmə orqanlarına təqdim etməsindən sonra baş verib.

"Səmud" donanmasının fransız üzvlərinin vəkillərindən biri olan Həna Buşarab, müdafiə qrupunun "donanmada iştirak edən fransız dənizçilərə qarşı törədilmiş əməllərlə bağlı araşdırmanın başlamasından məmnun" olduğunu bildirib.

O əlavə edib: "Biz bu məqamı xatırlatmaya bilmirik ki, Xarici İşlər Nazirliyinin müdaxilə etməsi və məsələni prokurorluğa yönləndirməsi üçün fransız vətəndaşları kameralar qarşısında şiddətə məruz qalmalı idilər".

Vəkil sözlərinə belə davam edib: "Səmud donanmasının fəallarının başına gələnlər fələstinlilərin hər gün üzləşdikləri çətinliklərin kiçik bir hissəsidir".

O, əlavə edib: "Biz araşdırmanı müsbət qiymətləndiririk, lakin prokurorluğun eyni zamanda Fransada Fələstin tərəfdarlarını sistemli şəkildə hədəf alan ikili standartlarını da görməzdən gələ bilmərik".

Qəzzanın dəniz mühasirəsini yarmağa və humanitar yardım çatdırmağa çalışan "Səmud" qlobal donanması iştirakçılarının məsələsi, sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin mayın 20-də Aşdod limanında əlləri bağlı şəkildə diz çökmüş fəalların videosunu yayımlamasından sonra Fransada siyasi və hüquqi ölçü qazandı. Bu mənzərə geniş beynəlxalq etirazlara səbəb olmuş və bir neçə gün sonra Fransa Ben-Qvirin öz ərazisinə girişinə qadağa qoyduğunu elan etmişdi.

4356655

captcha