İQNA-nın "Əl-Kəfil"ə istinadən verdiyi məlumata görə, Həzrət Abbas (ə) hərəminin kitabxanasındakı əlyazma irsinin və sənəd arxivinin qorunması üzrə "Əl-Fəzl" mərkəzi, türbənin İntellektual və Mədəni İşlər İdarəsinin tabeliyində olaraq, əlyazmaların mühafizəsi üçün müəyyən edilmiş elmi və texniki standartlara riayət etməklə bərpa prosesinə rəhbərlik edib.
Mərkəzin direktoru Leys Lütfi bildirib: "Mərkəzin əməkdaşları Kazimeyn müqəddəs türbəsinin xəzinəsində saxlanılan ən nadir əlyazmalardan biri hesab olunan qiymətli Quran nüsxəsinin bərpasını yekunlaşdırıblar."
O əlavə edib: "Bərpa prosesi bir neçə ixtisaslaşmış mərhələdən keçib. Buraya əlyazmanın fotoşəkillərinin və yazılarının sənədləşdirilməsi, səhifələrin rəqəmsal ardıcıllıq prinsipinə uyğun sıralanması, vəziyyətinin müəyyən edilməsi üçün zəruri olan bioloji və kimyəvi testlərin aparılması, habelə uyğun mühafizə üsullarının hazırlanması daxildir."
Lütfi izah edib ki, ixtisaslaşmış komanda mexaniki təmizləmə, itmiş və zədələnmiş hissələrin bərpası, tikilmə və cildləmə kimi dəqiq texniki tədbirlər həyata keçirib. Bu üsullar əlyazmanın bərpasına, onun irsi və elmi dəyərinin qorunub saxlanılmasına kömək edib.
O, vurğulayıb ki, bərpa prosesi nadir əlyazmaların ömrünü uzadır, onları zədələnməkdən qoruyur və gələcək nəsillər üçün elmi və tarixi dəyərlərinin saxlanılmasını təmin edir.
"Əl-Fəzl" əlyazma irsinin mühafizəsi və sənəd arxivi mərkəzi nadir əlyazmaların və sənədlərin qorunması, bərpası istiqamətindəki səylərini davam etdirir və İslam irsinin gələcək nəsillərə çatdırılması üçün çalışır.
4356594