IQNA

Aşura mərasimi üçün 700-dən çox iraqlı mökəbə icazə verilib

11:16 - June 11, 2026
Xəbər sayı: 3500522
İQNA – İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Hüseyni Şüarlar və Mökəblər İdarəsi, Məhərrəm ayının onuncu günü (Aşura) ziyarəti və mərasimləri üçün 746 rəsmi icazənin verildiyini, həmçinin bu il Ərbəin ziyarətində 14 min mökəbin (xidmət və əzadarlıq çadırının) iştirak edəcəyini açıqlayıb.

“İQNA”-nın İraqın "Nun" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, İmam Hüseyn (ə) hərəmindəki Hüseyni Şüarlar və Mökəblər İdarəsi, Ərbəin ziyarətində iştirak edən bütün əyalətlərdən və müxtəlif ölkələrdən gələn mökəblər üçün 14 000 maliyyə yardımı qeydiyyatı apardığını bildirərək, bu il Məhərrəm ayının ilk on günü üçün 746 əzadarlıq və xidmət mökəbinə icazə verildiyini açıqlayıb.

İdarənin rəisi Məhəmməd Kərim Əziz "Nun" agentliyinə verdiyi müsahibədə bildirib: "İdarəmiz Məhərrəm ayının ilk on gününün və Aşura mərasiminin qeyd edilməsi üçün ilkin hazırlıqları tamamlayıb və rəsmi icazələrin verilməsini təşkil etmək üçün xüsusi komitə yaradıb. Bu komitə üç qurumdan ibarətdir: Beynül-Hərəmeyn rəhbərliyi, Kərbəla Polis İdarəsi və İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının özü. Komitə əzadarlıq və xidmət mökəblərinə rəsmi icazələri məhz bu heyət vasitəsilə verir".

Onun sözlərinə görə, keçirilən iclasda Məhərrəm ayının ilk on gününün proqramları razılaşdırılıb. Mərasimlər birinci gecə əzadarlıq bayrağının dəyişdirilməsi ilə başlayacaq və onuncu gün (Aşura günü) "Tüveyric" yürüşü ilə davam edəcək.

Məhəmməd Kərim Əziz mökəblərin sayının ötən illə müqayisədə 25% artdığını qeyd edərək bildirib: "Ərbəin ziyarətinə gəldikdə isə, idarəmiz bütün əyalətlərdən və müxtəlif ölkələrdən gələn Hüseyni əzadarlıq və xidmət mökəbləri üçün 14 000 maliyyə yardımı sənədi rəsmiləşdirib və bu rəqəm hər il artmaqdadır".

4357365

captcha