“İQNA”-nın "Ər-Rayə"yə istinadən verdiyi məlumata görə, bu Quranlar Allahın kitabını hər kəsə çatdırmaq məqsədi ilə "Qətər Xeyriyyə Fondu" tərəfindən və qətərli xeyriyyəçilərin dəstəyi ilə Nigeriyanın 11 ştatındakı görmə qüsurlu şəxslər arasında paylanıb.
Bu təşəbbüs Nigeriyada əlilliyi olan şəxslərin sayının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə həyata keçirilir. Milli Statistika İdarəsinin məlumatlarına görə, ölkə əhalisinin təxminən 6 faizi müxtəlif əlilliklərdən əziyyət çəkir və görmə pozğunluğu ən çox rast gəlinən problemlərdən biridir.
Milli sorğular da göstərir ki, milyonlarla nigeriyalı görmə qüsurundan əziyyət çəkir. Dini vəsaitlərin məhdud istehsalı və onların baha başa gəlməsi nəzərə alınarsa, bu insanlar əlçatan təhsil və dini məzmunlu materiallara daha çox ehtiyac duyurlar.
Belə bir şəraitdə "Qətər Xeyriyyə Fondu" Brayl əlifbası ilə çap olunmuş 994 nüsxə "Müshəfi-Bəsirət" kitabını Dohadakı mərkəzi ofisindən Nigeriyaya göndərib. Məqsəd, bu Quranları görmə qabiliyyəti zəif olan və bu üsulla Quran oxuya bilən ehtiyac sahiblərinə çatdırmaqdır.
Paylanma mərasimi Sokoto ştatında, həmin ştatın qubernatoru Əhməd Aliyunun iştirakı ilə keçirilib. Bu, hökumətin təşəbbüsə verdiyi dəstəyi və "Qətər Xeyriyyə Fondu"nun rəsmi qurumlarla effektiv humanitar layihələrin icrasında əməkdaşlığını gücləndirdiyini nümayiş etdirir.
Mərasim iştirakçıları bu addımdan sonsuz məmnunluqlarını ifadə edərək vurğulayıblar ki, Brayl əlifbası ilə Quranı əldə etmək onlara bu müqəddəs kitabı müstəqil şəkildə oxumağa, əzbərləməyə və onun mənaları üzərində düşünməyə imkan verəcək. Bu isə onların vəhyin kəlamı ilə mənəvi əlaqələrini daha da möhkəmləndirəcək.
Mərasimdə "Qətər Xeyriyyə Fondu" hərtərəfli və inteqrasiya olunmuş proqramlar vasitəsilə Nigeriyanın ən həssas qruplarını dəstəkləmək öhdəliyini bir daha bəyan edib və imkanları artıran, təhsilə dəstək verən və Nigeriya cəmiyyətinin inkişafına töhfə verən təsirli təşəbbüslərin davamlı olaraq icra ediləcəyini vurğulayıb.
4357850