IQNA

Liverpulda ilk müsəlman olmuş qadın: Fatimə Keyts

12:13 - June 15, 2026
Xəbər sayı: 3500547
İQNA –Britaniyanın ən görkəmli müsəlman simalarından biri hesab edilən Fatimə Keyts, Liverpulda İslamı qəbul edən ilk qadın kimi tanınır. O, ağır sosial və şəxsi çətinliklərlə üzləşməsinə baxmayaraq, XIX əsrin sonlarında Britaniya cəmiyyətində İslam təlimlərinin yayılmasında mühüm rol oynamışdır.

“İQNA”-nın “muslimlitfest”-ə istinadən verdiyi məlumata görə, Fatimə Keytsin həyat yolu müasir Britaniya müsəlmanları üçün ilhamverici bir hekayədir.

Fatimə Keyts (əsl adı Fransis Elizabet Mürrey) 5 yanvar 1865-ci ildə İngiltərənin Birkenhed şəhərində anadan olub. İşçi sinfinə mənsub xristian ailəsində böyüyən Fransis, 1870-ci il məcburi təhsil qanunundan sonra təhsil almaq imkanı qazanmışdı. Gəncliyində alkoqol istehlakının məhdudlaşdırılmasını təbliğ edən «Mötədillik hərəkatı»na qoşulmuş və bu hərəkatın Liverpul şöbəsinin katibi kimi fəaliyyət göstərmişdi.

O, ictimai fəaliyyəti zamanı ilk dəfə Britaniyalı müsəlman vəiz Abdullah Henri Kuylyamın çıxışını dinləyərkən İslamla tanış olub. Kuylyamın İslam Peyğəmbərini (s) «spirtli içkilərdən çəkinən böyük ərəb» kimi təsvir etməsi onda İslam haqqında daha çox məlumat əldə etmək marağı oyadıb.

Tarixi məlumatlara görə, Kuylyam ona Quranı oxumağı tövsiyə edərək bir tərcümə nüsxəsi verib və deyib: «İslam haqqında deyilənlərə inanma; onu özün kəşf et». Bir neçə həftə sonra, 1887-ci ilin iyununda o, İslamı qəbul edərək özünə Fatimə adını seçib.

Lakin onun bu qərarı ailəsinin və ətrafındakıların kəskin etirazı ilə qarşılanıb. Fatimə dini ayinləri yerinə yetirərkən ciddi təzyiqlərə, ictimai təqib və təzyiqlərə məruz qalıb. Elə həmin ilin iyulunda Fatimə Keyts, Abdullah Kuylyam və Əli Hamiltonla birlikdə Liverpul İslam Cəmiyyətini təsis edib. Cəmiyyətin məqsədi İslamı tanıtmaq və onun təlimlərini yaymaq idi. Orada həftəlik dua məclisləri, Quran tilavətləri və dini müzakirələr keçirilirdi.

Çətinliklərə baxmayaraq, Fatimə İslamın tanıdılmasında, xüsusən də qadınlar arasında mühüm rol oynayıb. O, bacıları Klara və Anni də daxil olmaqla, bir çox britaniyalı qadının İslamı qəbul etməsinə səbəb olub.

Sonralar Fatimə Liverpul İslam İnstitutunun aparıcı simalarından birinə çevrilərək ölkə hüdudlarından kənara çıxan intellektual və mədəni fəaliyyətlərdə iştirak edib. Onun bəzi ədəbi və şeir əsərləri xaricdə, xüsusən də Hindistan yarımadasındakı jurnallarda dərc olunub.

Fatimə çətin şəxsi həyat yaşayıb. Britaniya qanunlarının qadınlar üçün boşanma hüququnu məhdudlaşdırdığı bir dövrdə, həyat yoldaşından qanuni şəkildə ayrılmazdan əvvəl o, ailədaxili münaqişələr və zorakılıqla üzləşib. 1900-cü ildə Fatimə Keyts qripdən yaranan sətəlcəm səbəbindən vəfat edib və Liverpulun Anfild qəbiristanlığında İslam adətlərinə uyğun dəfn olunub. İllərlə baxımsız qalan məzarı 2022-ci ildə şəhər müsəlmanlarının səyləri ilə bərpa edilib.

Bu gün Fatimə Keyts Britaniya İslam tarixində o dövrdə müsəlmanlar üçün yad olan bir sosial mühitdə İslamı tanıtdığına və yaydığına görə bir qabaqcıl şəxsiyyət kimi xatırlanır.

4357931

captcha