İQNA Quran agentliyinin məlumatına əsasən, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə mayın 4-də baş tutan görüşündə qeyd etdi ki, Avropada İslami oyanış mütləq baş verəcək.
Ayətullah Xamenei vurğuladı ki, təlim-tərbiyənin ən mühüm vəzifəsi İslam Respublikası və İran xalqının əzəmətli hərəkatı üçün layiqli insanlar yetişdirməkdir. O vurğuladı: “Məhz buna görə də təlim-tərbiyə sistemində İran-İslam modeli əsasında elə bir müstəqil və mütərəqqi dəyişikliyin həyata keçirilməsinə ehtiyac var ki, nəticəsi mömin, Allaha təvəkkül edən, şərəfli, cəsur, novator, səbirli, gələcəyə inanan, yeni-yeni meydanlara atılmaq üçün gözəl xarakterə malik, riskli insanların yetişdirilməsi olsun”.
Şəhid ustad Ayətullah Murtəza Mütəhhərinin xatirəsini böyük ehtiramla yad edərək ölkədə qeyd olunan Müəllim Gününün ustadın adı ilə bağlı olduğunu xatırladan Həzrət Ayətullah Xamenei Şəhid Mütəhhərini xalqının dərdini yaxından duyan, gözüaçıq və görkəmli bir şəxsiyyət kimi səciyyələndirdi. O, əlavə etdi: “Sadaladığım keyfiyyətlərə malik olan bu dahi insan elm, mədəniyyət, təlim-tərbiyə sahəsində saysız-hesabsız bərəkətlərin mənşəyi oldu. Sonda isə ustada şəhadəti mükafat verən Uca Yaradan ona bu dünyadan köçdüyü halda, diri olmağı nəsib etdi”.
Müəllimlərin cəmiyyətdəki rolunu və mövqeyini izah edən Ali Məqamlı Rəhbər dedi: “Müəllim elə bir insandır ki, ölkənin gələcəyi, dahi şəxsiyyətlərin, Haqq yolunun mücahidlərinin və ölkəni idarə edəcək insanların yetişdirilməsi onun əlindədir. Buna görə də xalqın bütün üzvləri müəllimlərin qədrini və əhəmiyyətini bilməli, hörmətini saxlamalıdırlar. Müəllimin əsl mövqeyinin tanıtdırılmasında eyni zamanda KİV və vəzifəli şəxslər də mühüm rola malikdirlər”.
Təlim-tərbiyə sistemində dəyişikliklər mövzusuna toxunan Ali Məqamlı Rəhbər buna ehtiyacın hansı səbəbdən doğduğunu açıqlayaraq dedi: “Hazırkı təlim-tərbiyə sistemi kənardan əxz edildiyinə, burada İran xalqının ehtiyacları, tələbləri və mədəniyyəti nəzərə alınmadığına görə sistemdə dəyişikliklərin həyata keçirilməsinə ehtiyac var”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Belə bir dəyişikliyin həyata keçirilməsi üçün müstəqil və mütərəqqi bir İran-İslam modelinə ehtiyac var. Bu modelin məqsədi İslam Respublikası üçün layiqli insan potensialının yetişdirilməsi olmalıdır”. 786767