IQNA

Dəccal adam deyil, simvoldur

10:12 - February 06, 2015
Xəbər sayı: 2814695
Xarici Şöbə: Dəccal haqqında sünni mənbələrində həddindən çox hədis mövcuddur, Şiə mənbələrində isə bu barədə çox az hədis rəvayət edilmişdir. Sünni kitablarında Dəccala xüsusi əhəmiyyət verilir. Dəccalın xüsusiyyətləri, fəaliyyəti, proqramları ilə bağlı çox danışılmışdır. Onları rəmzi mənalarda götürməsək, ya da bu aspektə tamamilə göz yumsaq, o zaman onları təhlil etməli, düzünü səhvindən ayırmalı olacağıq.

Şəbistan Xəbər Agentliyi: Şərqşünas və İlahiyyatçı alim Famil Burhanoğlu məşhur hədislərdə adı keçən "Dəccal"ın kimliyi barədə ona ünvanlanan sualı öz şəxsi "facebook" səhifəsində cavablandırıb. Alimin bu barədə yazdığı məqaləni saytımızın oxucularına da təqdim edirik.
Seyyid Sadiq Sədrin İmam Mehdi (ə) ilə bağlı yazdığı 4 cildlik çox mükəmməl bir kitab var. Bu mövzuda araşdırma aparanlar o kitabın hansı elmi dəyərə malik olduğunu çox yaxşı bilirlər. Buna görə həmin kitabda Dəccalla ad olan hissədən çox kiçik bir hissəni paylaşıram. Əlbəttə, kitabda bu mövzuya çox geniş yer verilib:
Dəccalın zühuru
Dəccal haqqında sünni mənbələrində həddindən çox hədis rəvayət edilmişdir. Şiə mənbələrindən bu barədə çox az hədis rəvayət edilmişdir. Sünni kitablarında Dəccala xüsusi əhəmiyyət verilir. Dəccalın xüsusiyyətləri, fəaliyyəti, proqramları ilə bağlı çox danışılmışdır. Onları rəmzi mənalarda götürməsək, ya da bu aspektə tamamilə göz yumsaq, o zaman onları təhlil etməli, düzünü səhvindən ayırmalı olacağıq. Ona görə də mövzunu bir neçə aspektdən tədqiq edirik:
Birinci aspekt:
Ümumi qaydalara görə, Dəccalın qiyam edəcəyinə inanmalıyıq. Çünki bu mövzu ilə bağlı əlimizə gəlib çatmış hədislər təvatür həddindədir. Lakin əsas məsələ onun səciyyəvi xüsusiyyətləridir. Məhz hədislərdə məqbul sayılmayan cəhətlər də bunlardır. Xüsusiyyətlərdən bəhs edən hədislər sənəd baxımından qaydaların tələblərinə cavab vermədiyi üçün onları qəbul etmirik, qəbul etsək də, rəmzi mənalarını tapmalıyıq...
Diqqət yetirilməsi zəruri olan ən mühüm əlamət uzunmüddətli qeyb dövründə islama qarşı zidd mövqedə duran, müsəlmanları haqq yoldan sapdıran Dəccal anlayışıdır. Bu fəaliyyətləri ilə Dəccalı hal-hazırda müşahidə etdiyimiz anti-islam fəaliyyətli dövlət və ya təşkilatlarla eyniləşdirə bilərik. Anti-islam fəalları aldadıcı, göz qamaşdıaran yeni mədəniyyətləri ilə bütün dünya əhalisinin diqqətini özlərinə çəkmiş, bir çox müsəlmanın dindən çıxmasına, yaratmış olduqları yanlış fəlsəfi düşüncələrə, cinayətkarlığa, zülmkarlığa boyun əyməsinə səbəb olmuşlar.
Ona görə də deyə bilərik ki, Hz. Adəmin (ə) yaranışından qiyamətə qədər bu dəccal böyüklükdə azğın və cinayətkar olmayacaq. Çünki hələ tarix boyu insanları Allahı inkar edəcək səviyyəyə gətirə biləcək gücə malik bu qədər böyük azğın mədəniyyəti, qırğın silahları, ixtiraları olan ikinci bir varlıq olmamışdır. Bu fərziyyəni Hz. Rəsulullahın (s) buyurduğu bu hədis də qüvvətləndirir: “Adəmin yaranışından qiyamətə qədər Dəccaldan böyük varlıq olmaz” Hədisin orijinal mətnində işlənmiş “امر” sözü Dəccalın şəxs deyil, islam dini ilə düşmənçilik aparan mədəni bir hərəkat olduğunu göstərir.
“Göyə yağmaq əmri verdiyi zaman yağış yağması, yerə məhsul verməsi ilə bağlı əmr verdikdə yerin məhsul verməsi onun fitnə-fəsadlarındandır.” Təbiətə qarşı tələblər qoymaq yeni mədəniyyətdə müşahidə etdiyimiz həmin cəhətlərdir. Onların mədəniyyətlərində mövcud olan fitnə və azğınlıq heç kəsdən gizli deyil. Çünki bu mədəniyyətin zahiri simasını görən əksər müsəlmanlar onların sahib olduqları və təqdim etdikləri fikir və inancların düz olduğunu düşünürlər. İnsanları haqq yoldan sapdıran da məhz budur. Sənaye və mədəniyyətin inkişafı düzgün, əxlaqi və fəlsəfi əsaslar üzərində qurulmamışdır. Cəmiyyət sənaye, maddi, ümumilikdə iqtisadi cəhətdən çox inkişaf edə bilər, lakin əxlaqi və mənəvi cəhətdən süquta uğrayar. Bəlli mədəniyyət daşıyıcılarında məhz bu cəhətin şahidi oluruq .
“Onun təkzib edən bir qəbiləyə çatdıqda o qəbilənin otlayan bütün heyvanları qırılar. Onun təsdiq edən bir qəbilə üçün isə göydən yağış yağdırar, yeri yaşıllaşdırar. Qəbilənin dördayaqlıları kökələr, böyüyər, döşləri südlənər.”
Yəni bəlli mədəniyyət subyektinin maddi gücünü və qüdrətini təkzib edən, ona qarşı çıxmaq istəyən hər kəs xoşa gəlməz hallarla qarşılaşar, problem və çətinliklərlə üzləşər. Onların mədəniyyətləri qarşısında boyun əyən, yaltaqlıq edənlər gücə və sərvətə sahib olarlar.
Dəccalın törətdiyi fitnə-fəsadlardan biri də allahlıq iddiası etməsidir. Şərqlə qərb arasında dayanıb uca səslə deyər: “Ey dostlarım, mənə tərəf gəlin! Mən yaradan, sonra möhkəmləndirən, quruluş verən, sonra hidayət edən şəxsəm. Mən sizin uca tanrınızam.”
Bütün bu xüsusiyyətləri bəlli mədəniyyət subyektində görürük. Çünki bütün şərq və qərbi öz rabitə və maddi vəsaiti ilə təsiri altına alaraq insanları Allahdan, uca və metafizik aləmdən uzaq salmışdır. Bu üsulla həmin uca aləmdən qaynaqlanmış ədalət, əxlaq və düşüncə çox ziyanlar görmüşdür. Bəşəriyyəti öz təsiri altına alan bu mədəniyyət öz ideologiyasını bütün insanlığa təlqin etmiş, ilahi qanunların yerinə öz ideoloji qanunlarını yeritmişdir. Bu “bəlli mədəniyyət subyekti” insanlara hakim kəsilmə, özünü onların tam ağası hesab etmə hissindən yaranan allahlıq iddiasıdır.
Hədisdə diqqət çəkən çox incə məqamlardan biri allahlıq iddiası ifadəsində Allah sözünün “Rəbb” kimi işlənməsidir. Bu da eynilə bizim qeyd etdiyimiz mənanı tam əhatə edir.
Öz istədiyi kimi tərbiyə etmək, davranış və əxlaqi görüşlərini öz nəzarəti altında saxlamaq, onlar arasındakı iqtisadi və sosial əlaqələri özü bildiyi kimi müəyyən etmək üçün dünyanın hər tərəfindən dost və davamçılarını özünə tərəf səsləməsi məlum məsələlərdəndir.
“Yer kürəsində ayaq basmadığı yer qalmayacaq”. Bu, bizim bu gün şahidi olduğumuz vəziyyətdir. “Bəlli mədəniyyət”in təlqin etdiyi təfəkkür tərzi bütün dünyanı öz təsiri altına almışdır. Yer kürəsində “bəlli mədəniyyət”in təsirinə məruz qalmayan elə bir dövlət yoxdur. Təbii ki, həm kapitalist, həm də sosialist ideologiya burada bir-birindən ayrı götrülmür.
Məkkə və Mədinə şəhərlərinin bu mədəniyyətin təsirindən istisna olunması elə zahiri mənasına əsasən də düzgün hesab oluna bilər. Yəni “bəlli mədəniyyət” bu iki şəhərə nüfuz edə bilməyəcək. Həmin düşüncə tərzini bu iki şəhər əhalisi qəbul etməyəcək, islama sadiq qalacaq, islamdan başa düşdükləri düşüncə tərzilə Hz. Mehdinin (ə) zühuruna qədər “bəlli mədəniyyət”ə müqavimət göstərəcəklər. Əlbəttə, hədisin bu hissəsini simvolik mənalarla da izah etmək olar. Məkkə və Mədinəyə hakim kəsilmiş ilahi təfəkkür “bəlli mədəniyyət”in maddi təfəkkürünün cazibəsi qarşısında məğlubiyyətə uğramayacaq. Digər dünya ölkələri ilə müqayisədə nə qədər kiçik, bu iki şəhərin əhalisi dünya əhalisi ilə müqayisədə nə qədər az olsa da, yenə də sarsılmır. Şəhərlərin dini mühiti oraya olan təcavüzün qarşısını alır.
Hədislərdə Dəccalın bu iki şəhərə girişinə mane olan əli xəncərli mələklər bu mənanı simvolizə edə bilərlər. Hər darvazada, hər dəlikdə mələklərdən ibarət bir dağ dayanıb onları qoruyur. Yəni islam əqidəsi dağa, onun ucalığı və mətinliyi xəncərə bənzədilmişdir.
Mələklərin hər bir keçid, hər bir dəlikdə dayanaıb keşik çəkməsi möminin dərin idrakını, onun islama imanını təmsil edə bilər. Bu idrak və iman gücü islama təhlükə yarada və nüfuz edə biləcək hər bir şübhənin qarşısında sipər ola bilər.
Dəccalın uzunömürlülük məsələsinə gəldikdə isə, onun Rəsulullah (s) zamanından mövcud olması, ona iman gətirməməsi, özünün peyğəmbərlik iddiasında olması da məqbul mənalarla simvolizə edilə bilər.
Rəsulullah (s) zamanından başlayaraq ona iman gətirməmək ilkin dəccallıq toxumunun səpilməsi deməkdir. Həmin toxumlar zaman keçdikcə bəslənərək hazırkı səviyyəsinə qaldırılır, islama təcavüzlər edilir, şəxsi və maddi maraqlar kimi çirkin mövqelər müsəlman cəmiyyətlərinə nüfuz etdirilir.
Rəsulullah (s) zamanında ona iman gətirməyən münafiqlər dəccallıq və hiyləgərliyin bünövrəsini qoymuşlar. Daxilən iman gətirməyib zahirdə özünü müsəlman göstərən münafiq ilk materialist hiyləgərdir. Onların zahiri siması batini ilə fərqlidir. Ədalətsevərlik və azadlıq çarçısı adı altında maska taxıb meydana atılmış ikiüzlülər həmin vaxtlardan həyatlarını davam etdirərək bu gün də yaşamlarını sürdürürlər.
Məhz buradan onun peyğəmbərlik iddiasına düşmə səbəbini anlayırıq. Çünki maddi fikirlərilə həmin vaxtdan bu günə qədər özünü bəşəriyyətin himayəçisi hesab etmiş, özünü rəhbər məqamında aparmışdır. Peyğəmbər (s) zamanında zəif olsa da, “bəlli mədəniyyət”in intibah dövrü bu mateiralist dəccala qiyam icazəsi verdi və öz hakimiyyətini daha geniş şəkildə sürdürmək üçün ona təkan verdi.
“Dəccal qiyam edəcək. Onun yanında su və od var. İnsanların gördükləri su yandırıcı oddur. Onların gördükləri od isə sərin sudur. Szlərdən onu görən hər kəs oda daxil olsun ki, o od sərin və saf sudur.”
Bunu belə izah etmək olar ki, od təcavüzlər və cinayətkarlıqlar qarşısında müqavimət göstərən möminin qarşısında duran həmin çətinliklər, su isə zahirən saf görünən aldadıcı maddi mədəniyyətdir.
Ən böyük ilahi dəvətçi və haqq carçısı Rəsulullah (s) müsəlmanlara məhz bunu xəbərdarlıq edir, onları su kimi saf görünüb arxasında od görünən cəhənnəmdən, zahirdə od görünüb arxasında su kimi saf olan cənnətdən xəbərdar edir. Oda girənlər suya düşmüşlərə, suya meyl göstərənlər odda yanmışlara çevrilirlər.
Bu nəticəni Hz. Rəsulullahın (s) kəlamlarından açıq-aşkar anlaya bilərik: “İnsanların gördükləri su yandırıcı oddur. Onların gördükləri od isə sərin sudur.” Su və od dedikdə onların həqiqi mənası başa düşülməməlidir. Əslində su və od burada rəmzi mənalar daşıyırlar. Əks təqdirdə yanlış əqidə sahiblərinə möcüzə göstərə bilmə qabiliyyəti verildiyi ehtimalı yaranardı. Bu ehtimal isə, tərəfimizdən təkzib edilmişdir.
Rəsulullahın (s) buyuruqlarında diqqət çəkən incə məqamlardan biri də o cənabın suya düşən bütün insanların odla qarşılaşdığını, oda düşənlərin isə su ilə qarşılaşdığını deməməməsidir. Çünki bəzi möminlər bu şəraiti tamamilə başa düşürlər. Yoxsa suya düşmüş əksər insanlar Dəccalın suyuna düşdükləri zaman bu onlara zövq verir, maddi ləzzətlərin keçici zövqünü yaşayırlar. Oda düşümüş insanlar isə çətinliklərə məruz qalırlar.
Dəccal təkgözdür. Bəli, bu tamamilə belədir. Maddi mədəniyyət varlıq aləminə, kainata bir gözlə baxır. O, ruh aləminə və ali yaranışa deyil, yalnız maddi dünyaya baxır, ali insan nümunəsini görə bilmir. Həqiqətləri dərk etməyən və özünü rəhbərliyə layiq görən şəxs təkgözdür. Əslində rəhbərliyə layiq şəxs varlıq aləminə iki gözlə baxmalı, həm ruhu və mənəvi dünyanı görməli, həm də maddi aləmi diqqətdə saxlamalıdır. Bu iki qütb bərabər paya malikdir.
Dəccal kafirdir. Çünki o, materialist, islam düşməni, haqqa ən uzaq varlıqdır. “İki gözünün arasında “kafirdir” sözü yazılmışdır. Bu yazını yazıb-oxumağı bacaran və bacarmayan mömin oxuyar.”
Bu yazı bizim başa düşdüyümüz adi yazı növü deyil. Əslində, bu yazı möminin kafir, münafiq və azğını tanıya bilmə qavrayışını təmsil edir. Bu istedad üçün yazıb-oxumaq lazım deyil. “Onu hər bir mömin oxuyar.” Çünki onlar sosial ədalət prinsiplərin daha yaxşı dərk edərlər. Lakin yolunu azmış insanlar nə qədər savadlı olsalar da, bu yazını oxuya bilməzlər. Ona görə ki, özləri də başqaları ilə küfr və azğınlıqda ortaqdırlar. Təbii ki, heç kəs öz məslək yoldaşını kafir gözündə görə bilməz.
Bütün bu cəhətlərə görə, Allah rəsulu (s) öz ümmətinə ondan uzaq durmağı və Allaha sığınmağı tapşırmışdır. Bəlkə də bütün peyğəmbərlər öz ümmətini bu bəladan qorunmağa səsləmişdir. Keçən bəhslərimizdə də işarə etdiyimiz kimi, qeyb dövrünün materialist hərəkatı bütün bəşəriyyət tarixində misli görülməmiş həddə çatmış, zaman-zaman daha da mürəkkəb xarakter almışdır – “Adəmin yaranışından qiyamətə qədər”. Təhlükə bütün dövürlərdə bəşər övladını təqib etmişdir. Amma bütün əzəmətilə Allah nəzərində çox kiçikdir: “Allah yanında bunlardan dəyərsizdir.” O, həqiqət və ədalət müqabilində çox cılızdır. Nə qədər əzəmətli görünmək istəsə də, ilahi qüdrət qarşısında öz hiyləgər mövqeyini itirir. Onun aldadıcı zahiri və boş əzəməti imtahan və sınaq qanunlarının tələblərinə cavab vermir. Çünki Allah buyurur:
" إِنَّمَا مَثَلُ الْحَیَاةِ الدُّنْیَا کَمَاء أَنزَلْنَاهُ مِنَ السَّمَاء فَاخْتَلَطَ بِهِ نَبَاتُ الأَرْضِ مِمَّا یَأْکُلُ النَّاسُ وَالأَنْعَامُ حَتَّىَ إِذَا أَخَذَتِ الأَرْضُ زُخْرُفَهَا وَازَّیَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَیْهَآ أَتَاهَا أَمْرُنَا لَیْلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِیدًا کَأَن لَّمْ تَغْنَ بِالأَمْسِ کَذَلِکَ نُفَصِّلُ الآیَاتِ لِقَوْمٍ یَتَفَکَّرُونَ"
“Həqiqətən, (nemətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!”
Dəccalla bağlı simvolik izahlarımızın nəticələri bunlardan ibarət idi.
Famil Burhanoğlu

Teqlər: dəccal ، famil ، burhanoğlu ، şəhid ، Sədr
captcha