IQNA

6:47 - September 30, 2020
Xəbər sayı: 3488229
İmam Hüseyn (ə) əhli-beytindən ibarət karvan Şamdan Mədinə səmtinə yola düşdü. Yol bələdçiləri yoldaşlıq, mehribanlıq və Əhli-beyt (ə) karvanının istəklərini təmin etməkdə səhlənkarlıq etmirdilər.
İmam Səccad (ə) və Zeynəbi-Kübranın (ə) çıxışları, sözləri Şamda ictimai atmosferin dəyişməsi, Həzrət Zeynəb (s.ə) və Əhli-beyt (ə) xanədanının Şamda əzadarlıq təşkil etməsi nəticəsində Yezid onların daha artıq Şamda qalmasını məsləhət görmədi. Bu səbəbdən əmr verdi ki, Mədinəyə dönmələrinə hazırlıq görsünlər.
 
Əllamə Məclisinin nəqlinə əsasən, Yezid – Peyğəmbəri (s) görmüş Noman ibn Bəşirdən əsirləri səfərə hazırlamasını, onları ehtiram və mühafizə altında Mədinəyə çatdırması üçün şamlılardan əmin və etibarlı şəxsi onlara qoşmasını istəyir. (Qeyd edək ki, Noman ibn Bəşir Həzrət Müslim ibn Əqil Kufəyə gəldiyi vaxt oranın valisi idi. Yezid onu valilikdən kənarlaşdırıb Übeydullah ibn Ziyadı onun yerinə təyin etdi. O isə Şama gəlib Yezid və atası Müaviyəni himayə etməkdə fəallıq göstərdi. Yezidin ölümündən sonra camaatı Abdullah ibn Zübeyrə beyətə təşviq etdi. Hums əhalisi ona qarşı çıxdı və sonda 64-cü hicri-qəməri ilində onu qətlə yetirdi. (“Əl-istiab”, Noman ibn Bəşirin tərcümeyi-halı.))
 
Karvan yola düşən ərəfələrdə Yezid İmam Səccadı (ə) çağırır və (hiyləgərliklə öz günahını başqasının boynuna ataraq) deyir: “Allah Mərcanənin oğluna (İbn Ziyada) lənət etsin! Əgər mən Hüseynlə olsaydım, istədiyini ona verərdim və onun öldürülməsinin qarşısını hər bir qiymətə – hətta övladlarımdan bəzilərinin öldürülməsi bahasına – alardım, lakin ilahi təqdir gördüyünüz şəkildə baş verdi. Hər halda, vətənə çatdığın vaxtdan etibarən, nəyə ehtiyacın olsa, mənə yaz, mən də istəyini yerinə yetirim.”
 
İmam Hüseyn (ə) əhli-beytindən ibarət karvan yola düşdü. Yol boyu karvan istirahət edən vaxtlarda bələdçilər, mühafizəçilər karvandan kənarlaşır və onların, öz işlərini rahat yerinə yetirmələrinə və ehtiyaclarını ödəmələrinə şərait yaradırdılar. Həmçinin yoldaşlıq, mehribanlıq və Əhli-beyt (ə) karvanının istəklərini təmin etməkdə səhlənkarlıq etmirdilər. (“Biharul-ənvar”, c.45, səh.146.)
 
Şübhəsiz, Yezidin bu əksül-əməlləri onun peşmançılığına görə deyildi. Çünki tarix göstərir ki, Kərbəla hadisəsindən sonra da Əhli-beyt (ə) və şiələrə qarşı heç bir əziyyəti, təzyiqi əsirgəmirdi. Bəlkə İmam Səccad (ə) və Zeynəbi-Kübranın (s.ə) odlu çıxışları nəticəsində oyanış və camaatın agahlığı Şamın ictimai durumunu elə alovlandırmışdı ki, Yezid başqa cür davrandığı təqdirdə ona qarşı ümumi bir qiyam başlaya bilərdi. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.620-621.)
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: