IQNA

22:03 - October 25, 2020
Xəbər sayı: 3488447
Fransız nazir məktəblərdə İslam Peyğəmbərinin (s) halal qidaları yığışdırmağa çağırıb. Hazırda Fransada xüsusən müsəlmanlara münasibətdə qərəzli yanaşma, qərəzli siyasət müşahidə olunur.

Fransız nazir məktəblərdə əziz İslam Peyğəmbərinin (s) animasiyalarını yaymağa, halal qidaları yığışdırmağa çağırıb;
Hacı İlqar: “İslamofobiya və Makronun Qarabağ mövqeyi bir-birindən ayrılmır”
Fransa demokratiyadan söz düşəndə “ağzına çullu dovşan sığmır”. Özünü Qərb demokratiyasının beşiyi, plüralizmin az qala banisi sayan fransızlar onlarla eyni vətəndaşlığı, pasportu bölüşən müsəlman əhaliyə gələndə bütün tolerantlığı, multikulturalizmi unudurlar.
Hazırda Fransada xüsusən müsəlmanlara münasibətdə qərəzli yanaşma, qərəzli siyasət müşahidə olunur.
“Yeni Müsavat” xəbər verir ki, bütün bu provokasiyalara cığır açan səbəb Rəsuli Əkrəmin (s) ziddiyyətli rəsmlərini şagirdlərinə göstərən fransız müəllim Samuel Patynin başının kəsilməsi olub. İslam ənənəsi əziz Peyğəmbərimizin (s) və Allahın rəsmi təsvirini açıq şəkildə qadağan edir.
Amma fransızlar yenə qızışdırıcı əməlindən qalmırlar. Bu hadisədən sonra indi ölkənin daxili işlər naziri Gerald Darmanin bazarlarda halal qida üçün xüsusi bölmələrin olmasından narahatlığını dilə gətirib.
Darmanin həmin bölmələrin ləğvinin zəruriliyini bildirib. Nazir həddini aşaraq, bir az da irəli gedib və dünya müsəlmanlarının əziz Peyğəmbərinə (s) qarşı həqarətli cizgi filmlərinin nəşr olunaraq məktəblərdə nümayiş etdirilməsini təklif edib.
Göründüyü kimi, Fransa anti-İslam təbliğatını dövlət siyasətinə çevirib. Nazirin peyğəmbəri aşağılayan animasiyalarla uşaqların gözündə müsəlmanlara nifrət yaratmaq, islamafobiyanı gücləndirmək, beyinlərdə müsəlmanlar haqda terrorçu, aqressiv bir obraz formalaşdırmaq niyyəti açıq-aydın hiss olunur.
Əslində əhalisinin böyük əksəriyyəti müsəlman olan azərbaycanlıları terror edən, Xocalıda zorlayan erməni quldurlarını Fransanın dəstəkləməsi təəccüb doğurmamalıdır. Çünki onlar mahiyyətcə anti-islamçıdırlar və müsəlmanlara nifrət edirlər.
Halbuki bu Avropa ölkəsində milyonlarla müsəlman yaşayır. Nazir son 3 ildə Fransada məscidlər də daxil olmaqla, 358 yerin bağlandığını və 428 əcnəbinin deportasiya edildiyini bildirib.
O, ölkədə yenidən terror hücumlarının olmasıyla bağlı xəbərdarlıq edib. Fransa prezidenti Emmanuel Makron hadisəni islami bir terror hücumu kimi xarakterizə edib.
Amma niyəsə oxşar hadisələr Almaniya, Hollandiya, İspaniyada baş vermir. Niyə Fransa müsəlmanları qızışdırır?
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, dünyada islamafobiya dalğası nəinki aşağı enmir, getdikcə artan xətt üzrə inkişaf edir. Onun fikrincə, Makron hakimiyyəti bu sahədə bir qədər də irəli gedib və təəssüf ki, özü üçün sərt xətt götürüb.
İ.İbrahimoğlu hesab edir ki, Fransada vicdan azadlığına nə qədər hörmət olduğu söylənsə də, son illərdə bu ölkədə islamafobik meyllərin çoxaldığını müşahidə edirik:
“Son dönəmlərdə daha qabarıq şəkildə özünü göstərir. Fransa digər Qərb ölkələrindən bu mənada xüsusi fərqlənir. Əfsuslar olsun ki, bütün bunlar insan ləyaqəti, vicdan azadlığı kimi bəşəri dəyərlərin fiaskoya uğramasının göstəricisidir. Əminəm ki, Fransada yaşayan mütərəqqi düşüncəli insanlar və ziyalılar baş verənlərin fərqindədirlər”.
Hacı İlqarın sözlərinə görə, biz müsəlmanlara münasibətə Qarabağ kontekstində də şahid olmuşuq: “Makron işğalçının tərəfini saxlayır, erməniləri müdafiə edir, Azərbaycanın haqlı antiterror əməliyyatlarına qarşı çıxır. Odur ki, həm islamafobiya, həm Qarabağ məsələsi bir-birindən ayrı deyil.
Fransada islamafobiya və Makronun Qarabağla bağlı diskriminativ yanaşması bir-birindən ayrılmır. Hətta deyərdim ki, bu istiqamətdə dünyada bir yarış gedir.
Avropa ABŞ və Trampizmin qarşısında dayanmaq əvəzinə, əfsus ki, əksinə, onun bu istiqamətdə strategiyasına uyğun davranmağa üstünlük verir.
Lakin bütün bunlar keçicidir və Avropa insanı gedişatın fərqindədir. Hesab edirəm ki, çoxlu maarifçilik işləri aparmaq lazımdır, müsəlman toplumları və sivilizasiyası birgə hərəkət etməlidir”. (musavat.com)

Ad:
E-poçt:
* Comment:
* captcha: