IQNA

10:23 - July 30, 2021
Xəbər sayı: 3490400
Dünyada böyük nüfuzu olan din və ictimai xadim, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəyə qarşı “qara piar” qəbuledilməz bir məsələdir. Onların tarixdən xəbərləri yoxdur, ya da tarixi unudublar.

Son günlər QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəyə qarşı bəzi media və sosial şəbəkə səhifələrində yazılar və videolar hazırlanıb.

Az.shafaqna.com-un Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyevlə müsahibəsi.

Hacı ilk öncə sizi Qədir Xum bayramı münasibətilə təbrik edirəm. QMİ sədri, hörmətli Hacı Allahşükür Paşazadə ilə bağlı yayılan məlumatları siz də görmüsünüz…

Bismillahir Rəhmanir Rəhim. Qədir Xum Bayramı münasibətilə mən də sizi və bütün bu bayramı qeyd edənləri təbrik edirəm.

İlk öncə onu deyim ki,  dünyada tanınan və böyük nüfuzu olan din və ictimai xadim, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəyə qarşı “qara piar” qəbuledilməz bir məsələdir. Onların tarixdən xəbərləri yoxdur, ya da tarixi unudublar.

Tarixə baxdıqda Sovet İmperiyasının güclü zamanında, xüsusilə də 20 Yanvar hadisələrində hansı ki, Azərbaycanın müstəqilliyi uğrunda küçələrə axışan xalqımız, dəyərli insanlarımız şəhadətə yetişdilər, Şeyx Həzrətləri bir çox siyasi, ictimai və elm adamlarının çəkilib durduğu bir zamanda ağrıcı-acılı gündə, xüsusilə dəfn mərasimində xalqın yanında oldu. O dövrdə xalqın haqlarını müdafiə edən az sayda şəxslərdən biri idi. O dönəmdə Qarbaçova məktub yazaraq etiraz edən yeganə dini lider idi. Şeyx Həzrətləri, onu xalqın qanına əli batmış şəxs kimi təqdim etdi. Bu hər kəsin cürəti deyildi ki, bir imperiyanın prezidentinə qarşı belə bir sərt reaksiya göstərsin. Buna xalqını sevmək, vətəninin müstəqilliyini istəmək, mərdlik, kişilik, güc və qorxmazlıq istəyirdi ki, Şeyx Həzrətləri bunu etdi. Bunu hər kəs, xüsusilə o dönəmdə yaşayan insanlar bilir.

Primakov və Yazovun Şeyxi öz tərəflərinə çəkmək təklifi fonunda onlara qarşı rədd cavabı, Allahşükür Paşazadənin müdriklik, uzaqgörənlik, gələcəklə bağlı düzgün analiz etmə qabiliyyətilə bağlıdır.

Bu “qara piar”a qoşulanlar Şeyx Həzrətlərinin fəaliyyəti, onun tarixindən bixəbər olanlardır. “Qara piar”ın arxasında olan güclər isə Şeyx Həzrətlərinin necə müdrik, vətənpərvər və sülhsevər olduğunu yaxşı bilirlər. Şeyx Cənabları nəinki Azərbaycanda, bütün dünyada o cür tanınır.

“Qara piar”ın hədəfi dövlət – din münasibətlərini zədələməkdir ki, Şeyxi hədəfə almaqla bunu meydana gətirmək istəyirlər.

Siz uzun müddət QMİ sədrinin Gürcüstan nümayəndəsi olmusunuz, şahid olduğunuz bir maraqlı hadisə varmı?

Mən 25 ilə yaxındır Şeyx Həzrətlərinin Gürcüstandakı təmsilçisiyəm. Bütün prezidentlərlə görüş zamanı ona qarşı ehtiram, hörmət və diqqətin şahidi olmuşam. Xüsusilə Gürcüstan Patriarxının Şeyx Həzrətlərinə olan münasibətini deyə bilərəm. Bu Şeyx Həzrətlərinin necə sülhsevər, digər dinlərə qarşı dost münasibətinə görə idi.

Şeyx Həzrətləri beynəxalq tribunalarda nəinki Azərbaycan, hətta Gürcüstanın da ərazi bütövlüyünü və suverenliyini müdafiə edib. Bunu Gürcüstan ictimaiyyəti, xüsusilə Patriarx yaxşı bilir.

Gürcüstanda Şeyxin nümayəndəliyinin rəsmi fəaliyyəti zamanı bir çox işlər görülüb.

Sizə Şevarnadzenin Şeyx Həzrətlərilə bağlı bir cümləsini qeyd edim. Şevarnadze həmişə deyərdi “Şeyx Həzrətləri harda varsa, orada əminamanlıq, sülh var.”

O yenə deyərdi ki, dünyadakı dövlətlərdə mərhum Heydər Əliyev kimi siyasi rəhbər, Şeyx kimi dini rəhbər olsaydı heç yerdə, müharibə, qəsbkarlıq və çaxnaşma olmazdı.

Çeçenistandakı müharibə zamanı Şeyx bu ölkəyə sülh, əminamanlıq gəlməsi üçün o qədər səy göstərib ki, Çeeçenistan Prezidenti Şeyx Həzrətlərinə “Çeçen xalqının Milli Qəhrəmanı” ordeni təqdim etdi.

Bunu dəqiqləşdirək, Şeyx Həzrətləri Gürcüstanın suverenliyi, ərazi bütövlüyünü necə müdafiə edib?

Mən sizə Türkiyədə olan beynəlxalq konfransda şahidi olduğum bir məsələni danışım. Dini liderlər, rəhbərlər ora toplaşmışdılar. Lakin Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan Şeyx Həzrətlərinə qarşı xüsusi hörmət, məhəbbət göstərərək görüşməsi digərlərinin diqqətinə səbəb oldu. Orada olan digər dini liderlərin də Şeyxə qarşı ehtiramı, hörmət göstərməsi də bir başqa mövzudur.

Bu  konfrans zamanı, Şeyx konfransa sədrlik edirdi. Şeyx konfransa qatılan Abxaziyanın dini liderinə söz vermədi və bayrağını oradan götürülməsinə nail oldu. Bayrağın oradan götürməsilə bağlı ilk təklifi Şeyx etdi. Bu, Şeyx Həzrətlərinin separatçılığa qarşı olmasının, həmçinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə olan hörmətinə görə idi. Buna görə də Gürcüstan Dövləti daima onun hörmətini əziz tutur, “Şərəf” Ordenini ona təqdim ediblər. Bu beynəxalq nüfuz ona qarşı qısqanclıq yaradıb.

Siz deyirsiniz ki, Şeyxin bu nüfuzu onun hədəfə alınmasına səbəb oldu?

Şeyxülislamın Azərbaycan dövlətilə olan münasibətinə daxildə və xaricdə olan bəzi qüvvələrin narahatlıqları vardır. Bu qüvvələr bu “qara piar”ı başlatdılar. Onların  təsirinə ictimai, siyasi, dini savadları və məlumatları az olanlar da düşdülər.

Azərbaycanın Türkiyə ilə yaxın, dost münasibətləri var. İranla da dost, qonşuluq münasibətləri var. Bu münasibətlər siyasi olduğu kimi, dini münasibətlər də önəmlidir. Dini baxışları Şeyx Həzrətləri yaxşı bildiyi üçün bu yöndə nə etdiyini gözəl bilir. Onun İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə gözəl münasibətləri var. Həmçinin onun Azərbaycandakı nümayəndəsi Ocaq Nejadla da gözəl münasibətləri var. Bu iki şəxs Azərbaycan və İran arasında dostluq münasibətlərində böyük rola sahibdirlər.

Şeyx Həzrətlərinin digər dinlərə, məzhəblərə münasibəti haqqında nə deyə bilərsiniz?

Şeyx Həzrətləri harda var orada məzhəbçilik, dini ayrıseçkilik yoxdur.

Özünüz mediadan izləyirsiz, Şeyx Həzrətləri hara gedərsə özü ilə başqa dini konfessiyaların rəhbərləri və təmsilçilərini aparar.

Şeyx Həzrətləri dünyaya bunu göstərmək istəyir ki, biz sülhsevərik.

Son olaraq nəsə demək istəyirsiniz?

Şeyxülislam dövlətçilik, ölkəsinin inkişafı üçün əlindən gələni edib.

Prezident İlham Əliyev cənablarının ona olan hörməti, Şeyxin Prezidentə olan bağlılığı və hörməti həqiqətən digər ölkələr üçün bir örnəkdir. Ona dəyər verilməlidir, qədrini bilmək lazımdır.

Bir daha Şeyx Həzrətlərinə qarşı “qara piar” kampaniyasını pisləyirəm. Hər kəs bilir ki, Şeyx Həzrətləri Azərbaycanı necə sevir, Dövlətinə necə bağlıdır.

Allah Şeyx Həzrətlərinin canını sağ eləsin, Ona uzun ömür versin!

Müsahibəni apardı Az.shafaqna.com-un Yazı İşləri Müdiri  Ramin Bayramov

Ad:
E-poçt:
* Comment:
* captcha: