Dini mənbələrdə “kitab” deyərkən, Allah-Taalanın öz peyğəmbərləri vasitəsilə insanlara göndərdiyi səmavi kitablar nəzərdə tutulur.
Qurandan başqa özündə əqidə əsasları və şəriət hökmləri daşıyan daha iki səmavi kitab vardır: yəhudilərin müqəddəs kitabı olan Tövrat və xristianların müqəddəs kitabı olan İncil. Yəhudi və xristian dinlərinin ardıcılları bu kitablara inandıqları üçün onlara “əhli-kitab” yaxud “kitab əhli” deyirlər.
Əhli-kitaba mənsub olanlar müsəlmanlar tərəfindən hörmətə layiq görülür. Orta əsrlərdə müsəlman ölkələrində yaşayan əhli-kitab mənsubları az miqdarda cizyə adlanan vergi müqabilində müsəlmanların tam himayəsini qazanır, təhlükəsiz və azad halda öz dinlərinə etiqad edir, dini adət-ənənələrinə riayət edirdilər. Əhli-kitaba “əhli-zimmə”, yəni “himayə altında olanlar” da deyilir.
Mənbə: islam.az