IQNA

“Nəhcül-bəlağə”dən seçmələr / 1

İmam Əlinin (ə) düşüncəsində tövhid

11:48 - November 09, 2022
Xəbər sayı: 3493234
Sosioloq və din sahəsində tədqiqatçı hesab edir ki, İmam Əli (ə) yenidən tanınmalıdır. O, böyük və ilahi düşüncələrin sahibidir. Bu əzəmət onun düşüncələrinin ilahi və mənəvi yönümlərindən qaynaqlanır.

Sosioloq və din sahəsində tədqiqatçı olan Emad Əfruğ “Nəhcül-bəlağə”dən seçmələr haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. Onun sözlərini “Nəhcül-bəlağə və Sənt Aqustin” ünvanı ilə aşağıda oxuya bilərsiniz:

Oxuduğum kitablar arasında iki kitab diqqətimi çəkdi. Birinci kitab “Etiraflar”, digəri isə Sənt Avqustin tərəfindən yazılmış “Tanrının şəhəri” idi. Bu kitabları oxumaqla hiss etdim ki, “Nəhcül-bəlağə”ni nəzərdən keçirmək üçün yaxşı fürsət tapmalıyam.

Bu kitablar arasındakı əlaqə əhəmiyyətlidir. Xristianlar arasında Sənt Avqustinin, müsəlmanlar və şiələr arasında da Əmirəlmömininin (ə) xüsusi yeri var. Hər ikisi bir şəkildə etirafları bir araya gətiriblər. İmam Əlidən (ə) "Kumeyl" duasında qeyd olunan mövzular bir növ etirafdan xəbər verir. Əlbəttə ki, şərhlər fərqli ola bilər.

Elə ki, buyurur:

«اللَّهُمَّ اغْفِرْ لِیَ الذُّنُوبَ الَّتِی تَهْتِکُ الْعِصَمَ اللَّهُمَّ اغْفِرْ لِیَ الذُّنُوبَ الَّتِی تُنْزِلُ النِّقَمَ اللَّهُمَّ اغْفِرْ لِیَ الذُّنُوبَ الَّتِی تُغَیِّرُ النِّعَمَ اللَّهُمَّ اغْفِرْ لِیَ الذُّنُوبَ الَّتِی تَحْبِسُ الدُّعَاءَ»

"İlahi! İsmət pərdələrini cıran günahlarımı bağışla. İlahi! Mənə əzab gətirən günahlarımı bağışla. İlahi! Nemətləri dəyişdirən günahlarımı bağışla. İlahi! Dualarımı həbs edən günahlarımı bağışla...".

Demək olmaz ki, bunu sadəcə olaraq bizə dua etməyi öyrətmək üçün deyib. Salehlər üçün xeyirli olan, yaxınlar (yaxşılardan daha yüksək mövqeyə malik olan insanlar) üçün günah sayıla bilər. Əgər İmam Əli (ə) özünü günahkar saymasaydı, bu yüksək məqama çata bilməzdi. Aşağıda Həzrət Əmirin (ə) şəxsiyyəti ilə bağlı bəzi məqamları qeyd edəcəyəm.

Mənim fikrim budur ki, insanların problem və dərdlərinə həvəsi az görünən bəzi din alimlərindən fərqli olaraq, Nəhcül-Bəlağədən və Əmirəlmöminin Əlinin (ə) həyat tərzindən belə başa düşülür ki, o, problemlər, haqsızlıqlar və dinsizliyə münasibətdə çox narahatdır. İnsanların problemlərindən sakit keçə bilmir.

Təəssüf ki, bu gün elə bir vəziyyətdəyik ki, bəzən dərdlərə əhəmiyyət verməyən sakit və laqeyd şəxsiyyətlər təriflənir və təbliğ edilir. Əgər kimsə haqsızlıqlara görə həyəcanlanır və üzülürsə, onun şəxsiyyəti sorğulanır və sakit şəxslər irəli çəkilir.

Əli (ə) müqəddəsdir. Ona görə ki, onun düşüncələri böyük və ilahidir. Onun müqəddəsliyi düşüncələrinin ilahi və mənəvi yönümlərindən qaynaqlanır. Bunu kəşf etmək lazımdır. Araşdırmadan qəbul etmək olmaz. Onu tədqiqat obyektinə çevirsək, necə böyük şəxsiyyətlə qarşılaşdığımızı anlayarıq. İmam Əlinin (ə) şəxsiyyəti, qayğıları və həyat tərzi əməldə axtarılmalı və araşdırılmalıdır.

captcha