IQNA

Quran surələri / 49

"Hücürat" surəsində irqi ayrı-seçkiliklə mübarizə

23:30 - December 21, 2022
Xəbər sayı: 3493450
Bu gün insan cəmiyyətlərinin problemlərindən biri də irqi ayrı-seçkilikdir. Bu xoşagəlməz anlayışa qarşı mübarizə aparılırsa da, cəmiyyətin dini təlimlərə diqqətsizliyi irqi ayrı-seçkiliyə səbəb olub.

Qurani-Kərimin 49-cu surəsi "Hücürat" adlanır. 18 ayədən ibarət bu surə 26-cı cüzdə yerləşdirilmişdir. Mədinə də nazil olan surələrdən biri olan "Hücürat" İslam Peyğəmbərinə (s) nazil olan 107-ci surədir.

"Hücürat" hücrənin cəmidir və otaqlar deməkdir. Bu söz dördüncü ayədə keçib, ona görə də bu surə "Hücürat" adlanır. Bu ifadə məscidin yanında İslam Peyğəmbərinin (s) xanımları üçün hazırlanmış otaqlara aiddir.

Bu surə əxlaq qanunlarını, o cümlədən Allahla ünsiyyət tərzini, Peyğəmbərə (s) münasibətdə riayət edilməli olan ədəbləri və insanların cəmiyyətdə bir-biri ilə ünsiyyət qurmalarına aid olan ədəbləri ehtiva edir. Bu surədə həm də fərdlərin başqalarından üstün olmasının, cəmiyyətdə nizam-intizamın hakim olmasının  və xoşbəxt həyatın meyarı qeyd olunur. Sonda iman və İslam həqiqətinə işarə edilir.

Bu surə müsəlmanlara şayiələrə əhəmiyyət verməməyi, qeybət və böhtandan çəkinməyi, başqalarının eyiblərini axtarmamağı, müsəlmanlar arasında sülh və barışıq bərqərar etməyi tapşırır.

"Hücürat" surəsinin ilk ayələri möminləri Allah və Onun Elçisindən önə keçməkdən çəkindirir. Onlara Allah Rəsulu (s) ilə danışmağın nəzakətini və onun hüzurunda ehtiram göstərməyi öyrədir. O dərəcədə ki, səslərinin Peyğəmbərin (s) səsindən daha yüksək olması onların yaxşı əməllərinin aradan getməsinə səbəb olur.

Möminlərə də pis adamların verdiyi xəbərlərdən ehtiyatlı olmaq və araşdırmaq əmr verilmişdir.

Bu surənin digər tövsiyəsi budur ki, əgər iki qrup mömin arasında ixtilaf olarsa, dostluq və sülh üçün zəmin hazırlamaq başqalarının vəzifəsidir. Bu surə möminləri bir-birinə qardaş hesab edir; Ona görə də onların arasında sülh olmalıdır.

Bu surənin bir hissəsində ictimai ədəb və münasibətlərlə bağlı altı yanlış əxlaqdan bəhs edilir. Onlar bunlardan ibarətdir: "Bir-birini məsxərəyə qoymaq, istehza etmək və eyb axtarmaq, digərlərini çirkin və nalayiq adlarla çağırmaq, bir-birinə qarşı bədgüman olmaq, başqalarının həyatında casusluq etmək və başqalarının arxasından danışmaq.

Bu surədə dəri rəngi, nəsil, irq və etnik mənsubiyyət kimi məsələlərin insanların qürur mənbəyi və başqalarından üstünlüyünə səbəb olmamalıdır. Çünki Allahın yanında üstünlüyün meyarının təqva və pərhizkarlıq olduğu vurğulanır.

Bu surənin son ayələri də İslam və iman arasındakı fərqi izah edir. Müsəlman olan insanların qəlblərində iman olanlarla fərqli olduğunu görürük.

captcha