Quranda bir ayəmiz var ki, başlanğıcda dünya əhlinə xitab edərək buyurur: “Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik” (Nisa, 174(.
Bu ayədə iki terminimiz var: Biri ərəbcə “bürhan” kəlməsi olan “aydın dəlil”, digəri isə ərəbcə “nurən mübinən” kəlməsi olan “aydın nur”dur. Rəvayətlərə görə, “bürhan” kəlməsindən məqsəd Peyğəmbərin şəxsiyyəti, “nur mübin”dən məqsəd isə Qurandır. Həqiqətən də Peyğəmbər dinin dəlili və bürhanıdır. Çünki təhsil almamış bir şəxs belə maarif və kitab gətirir, zaman keçdikcə və elm inkişaf etdikcə dinin həqiqəti və təlimlərinin dərinliyi daha aydın olur.
Veriləcək sual budur ki, nurun özü aydın deyilmi? Çünki biz nuru gözümüzlə aydın görə bilirik, bəs nə üçün bu ayədə Quranın aşkar bir nur olduğu qeyd edilir?
Quran bir nurdur ki, batini nuru ilə yanaşı, özündən başqasını da işıqlandırır. Küçələrdəki işıqlar kimi və insanlar o işıqlar yandıqca yoluna davam edə bilirlər, lakin bu işığın nuru onlardan alınan kimi işlərində problemlərlə üzləşirlər.
Əslində Quran da eyni vəziyyətdədir. Quranın nuru insanların əlindən alınarsa, insanlar yolunu azarlar və hədəflərinə çata bilməzlər.
Allah bu və sonrakı ayədə bu nurun birinci və sonuncusunu müəyyən etmişdir: "Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz (doğru) yola yönəldər" (Nisa, 175).
Yəni, “iman” və “Quran nurundan yapışmaq” insanı Allahın rəhmətindən bəhrələndirir. Həmçinin onun Allah tərəfindən sonrakı hidayəti üçün zəmin yaranır ki, bu da sonda cənnət və onun sonsuz nemətlərini əldə etməklə nəticələnir.
Bu qeyd olunan ayədə “Quran nurundan yapışmaq”dan məqsəd, onun təlimlərinə diqqət yetirmək və insanı doğru yola yönəldən Quranın xoşbəxtlik verən planlarını həyata keçirməkdir .