“İQNA”-nın Muslimun hawl al-alam saytına istinadla verdiyi xəbərə görə, əvvəlcə Qurani-Kərimin bolqar dilinə tərcüməsinə ciddi ehtiyac duyulmurdu. Bunun səbəbi o idi ki, Bolqarıstandakı müsəlmanlar və İslam elmləri tədqiqatçıları həm osmanlı, həm də ərəb dillərinə mükəmməl şəkildə bələd idilər.
Lakin Bolqarıstan Osmanlı dövlətindən ayrıldıqdan və müstəqil ölkəyə çevrildikdən, bolqar dili də bu ölkənin rəsmi dili kimi qəbul olunduqdan sonra İslam dini ilə bağlı tədqiqatlar bolqar dilində aparılmağa başlandı.
Bununla belə, ərəb əlifbasından istifadə Bolqarıstan müsəlmanları arasında 1938-ci ilə qədər davam etdi. Həmin il Bolqarıstan kralı III Boris (1894–1943) ərəb əlifbasının latın qrafikası ilə əvəz olunması barədə qərar verdi.
Sonradan 1944-cü ildə ölkədə kommunist hökumət hakimiyyətə gəldi və xüsusilə Osmanlı tarixi ilə bağlı olan İslam dini də daxil olmaqla bütün dinlərlə mübarizə apardı.
Qurani-Kərimin bolqar dilinə tərcüməsinin başlanğıcı
Qurani-Kərimin bolqar dilinə ilk tərcümə cəhdləri keçən əsrin 20-ci illərində başladı və bu, hökumətin cənub bölgəsində yaşayan pomak müsəlmanlarını bolqar cəmiyyətinə inteqrasiya etdirmək planının bir hissəsi idi.
1930-cu ildə protestant missionerlər tərəfindən daha bir tərcümə həyata keçirildi. Bu tərcümə Qurani-Kərimin alman dilindəki versiyasından bolqarcaya çevrilmişdi. 1944-cü ildə isə ingilis dilindəki tərcümədən bolqar dilinə çevrilmiş başqa bir nəşr çap olundu.
Qurani-Kərimin bolqar dilinə beş tərcüməsi
Kommunist rejimin süqutundan sonra Bolqarıstanda İslam araşdırmalarına maraq artdı. Beləliklə, 1991-ci ildə Əhmədiyyə təriqəti tərəfindən Qurani-Kərimin bolqar dilində bir tərcüməsi çap olundu.
1993-cü ildə isə türk əsilli, 1945-ci il təvəllüdlü Nədim Kendjiyevin tərcüməsi nəşr edildi. Bu tərcümə Qurani-Kərimin türk dilindəki tərcüməsindən bolqarcaya çevrilmişdi. Kendjiyev 1988–1991-ci illərdə Bolqarıstanın baş müftisi olmuşdur.
Sonra, 1952-ci il təvəllüdlü bolqar ərəbşünası professor Tsvetan Teofanov 1997-ci ildə Sofiyada Qurani-Kərimin məfhumlarının ərəb dilindən elmi-akademik tərcüməsini nəşr etdi. Onun bu tərcüməsinin ikinci nəşri 1999-cu ildə Sofiyada çıxdı, sonrakı düzəldilmiş və yenilənmiş nəşrlər isə 2006, 2008, 2019, 2022 və 2025-ci illərdə Sofiya və İstanbulda dərc olundu. Bu tərcümə Qurani-Kərimin bolqar dilinə ən uğurlu tərcümələrindən biri sayılır.
2009-cu ildə bolqar dilçisi, 1938-ci il təvəllüdlü professor İvan Dobrev tərəfindən Qurani-Kərimin yeni bir tərcüməsi çapdan çıxdı.
Ən yeni tərcümə isə 2023-cü ildə, Sofiya bölgəsinin sabiq müftisi, 1956-cı il təvəllüdlü Əli Xeyrəddin tərəfindən nəşr edilmişdir. Bu tərcümə ümumilikdə Qurani-Kərimin türk dilindəki versiyalarına əsaslanır.
4309076