“Əl-Cəzirə”nin verdiyi məlumata görə, təşkilat İsrailin xəstəxanalara hücum etməsini, mühasirəyə almasını və basqınlar etməsini, tibbi heyəti, xəstələri və yaralıları həbs etməsini də daxil olmaqla, səhiyyə sektoruna qarşı hücumlarının beynəlxalq humanitar hüququn, BMT-nin müvafiq müqavilə və qərarlarının açıq pozuntusu olduğunu vurğulayıb.
Təşkilat beynəlxalq ictimaiyyəti İsrailin bu vəhşi hərbi hücumlarını dərhal və qalıcı olaraq dayandırmağa, tibbi müəssisələrə, burada çalışan heyətə, xəstələrə və yaralılara hörmət və qoruma təmin etməklə bağlı öz məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
Həmçinin təşkilat Qəzza Zolağında kifayət qədər və maneəsiz humanitar, tibbi və səhiyyə yardımı təmin edilməsinin vacibliyini vurğulayıb.
İsrail ordusu cümə günü Kamal Ədvan Xəstəxanasının yerləşdiyi ərazidə əməliyyat keçirdiyini elan edərək, xəstəxananın “terror təşkilatları üçün əhəmiyyətli bir qala” olduğunu iddia edib. Xəstəxanaya zorla daxil olaraq tibbi heyəti və xəstələri binanı boşaltmağa məcbur edib.
Qəzza Səhiyyə Nazirliyi isə əsgərlərin tibbi heyəti və xəstələri xəstəxananın həyətində toplanmağa və geyimlərini çıxarmağa məcbur etdiyini bildirib. Nazirlik xəstəxanada 25 xəstə və 60 tibbi işçinin qaldığını qeyd edib.
Mətbuat mərkəzi əlavə edib ki, İsrail ordusu xəstəxana heyətini, yaralıları, müşayiət edən şəxsləri və bəzi məcburi köçkünləri naməlum bir yerə aparıb və xəstəxana ətrafını partlayıcılarla dağıdıb.
Bu çərçivədə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər də daxil olmaqla bir çox ərəb ölkəsi İsrail rejiminin bu xəstəxananı yandırma əməllərini sərt şəkildə tənqid edib və qınayıb.
Səudiyyə Ərəbistanı İsrailin bu əməllərini qınayaraq bu hücumları “beynəlxalq hüququn, beynəlxalq insan hüquqlarının və ən əsas insani və əxlaqi standartların pozulması” adlandırıb.
4256526