“BƏRNAMA” agentliyinin verdiyi xəbərə görə, Malayziya Beynəlxalq Quran Qiraət və Hifz Müsabiqəsinin (MTHQA) 65-ci buraxılışı 2 avqust tarixində Kuala-Lumpur Beynəlxalq Ticarət Mərkəzində (WTCKL) açılacaq və 9 avqustadək davam edəcək.
Malayziyanın dini işlər naziri Məhəmməd Nəim Muxtar, yarışdan əvvəl keçirilən tədbirdə bildirib ki, bu dəfə 50 ölkədən 72 nəfər hafiz və qarinin iştirakı gözlənilir.
Nazirin sözlərinə görə, iştirakçılardan 40 nəfəri Quran qiraəti, 32 nəfəri isə Quran hifzi sahəsində yarışacaq.
O qeyd edib ki, iştirakçıların seçimi 19–23 may tarixlərində onlayn şəkildə baş tutub və bu mərhələ təcrübəli münsiflər heyəti tərəfindən ədalət və şəffaflıq prinsipləri əsasında qiymətləndirilib. Bu ilki yarış “Ümmətin tərəqqisi” şüarı altında keçiriləcək və rəsmi açılış ölkənin baş naziri Ənvər İbrahim tərəfindən həyata keçiriləcək.
Malayziyanı bu yarışda aşağıdakı iştirakçılar təmsil edəcək:
Qiraət üzrə: İman Rızvan Məhəmməd Rəmlan (Perak), Van Sufiya Eyni Van Məhəmməd Zahidi (Terengganu)
Hifz üzrə: Məhəmməd Ədib Əhməd Rəzini (Perak), Putri Auni Xədicə Məhəmməd Hənif (Kelantan)
Məhəmməd Nəim bildirib ki, bu ilki müsabiqədə Malayziya, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və İndoneziyadan olan 16 təcrübəli və ixtisaslı hakim iştirak edəcək və bu da ədalətli və şəffaf qiymətləndirməyə zəmanət verəcək.
Qiraət üzrə qiymətləndirmə dörd əsas meyar əsasında aparılacaq:
Təcvid (tələffüz düzgünlüyü)
Nəğmə (ahəngdar oxunuş)
Fəsahət (səlislik)
Səs keyfiyyəti
Hifz üzrə isə qiymətləndirmə dəqiqlik və səlislik meyarlarına əsasən aparılacaq.
Nazir müsabiqənin şüarının seçilməsinə dair qeyd edib ki, bu mövzu Malayziyanın yalnız infrastruktur və fiziki inkişaf sahəsində deyil, mənəvi, intellektual və əxlaqi cəhətdən də müasir və mədəni bir cəmiyyət qurmaq vizyonuna uyğunlaşdırılıb.
O xatırladıb ki, Malayziya MTHQA-nı ilk dəfə 8 mart 1961-ci ildə təşkil edib və bu sahədə uğurlu ev sahibliyi ilə tanınır. Bu tədbirin ən böyük uğurlarından biri isə 2016-cı ildə Küveyt Beynəlxalq Quran Mükafatında “Ən yaxşı Quran proqramı” mükafatına layiq görülməsidir.
Nəim əlavə edib ki, JAKIM (Malayziya İslam İnkişaf Departamenti) bu tədbirin nüfuzunu və keyfiyyətini müasir tələblərə, o cümlədən rəqəmsal texnologiya və süni intellektə uyğunlaşdıraraq yüksəltməyə davam edəcək.
Həm qiraət, həm də hifz üzrə birinci yerin sahibləri 40 min ringgit, ikinci yer 30 min ringgit, üçüncü yer isə 20 min ringgit və Malayziya İslam İqtisadi İnkişaf Fondu (YaPEIM) tərəfindən digər hədiyyələrlə təltif olunacaqlar.
Bu tədbirin bir hissəsi olaraq, Kuala-Lumpur mərkəzi dəmir yolu stansiyasından Hatyaia (Tayland) qədər Quran tilavətinin müşayiəti ilə xüsusi bir hadisə keçiriləcək. Bu tədbir Malayziya Rekordlar Kitabında “beynəlxalq qatar səfərində ən uzun Quran tilavəti” kimi yeni bir rekordun qeydə alınması məqsədi daşıyır.
Sonda qeyd olunub ki, İranı bu mötəbər yarışda məşhur qari Möhsün Qasemi təmsil edəcək. O, Quran qarilərinin və hafizlərinin ezam və dəvət komitəsi tərəfindən seçilib.
4294498