IQNA

Ərbəin Ziyarəti Yolunda Milli Quran Layihəsi həyata keçirilir

22:10 - July 29, 2025
Xəbər sayı: 3498610
İQNA - İmam Əli (ə) Müqəddəs Hərəmi Ərbəin münasibətilə ziyarət yolunda ən böyük Quran fəaliyyəti sayılan Milli Quran Layihəsini 250 Quran müəssisəsinin iştirakı ilə həyata keçirməyə başlayıb.

 

“İQNA”-nın İmam Əli (ə) Şəbəkəsinə istinadla verdiyi xəbərə görə, bu layihə İmam Əli (ə) Müqəddəs Hərəminə bağlı Dərul-Quran və İraq Quran Birliyi tərəfindən birgə təşkil olunur.

Layihədə 250-dən çox fəal Quran müəssisəsi iştirak edir və onlar İraqın 12 vilayətində yerləşən 250 Quran dayanacağında fəaliyyət göstərirlər.

Əlavi Hərəminə bağlı Dərul-Quran bölməsinin rəhbəri Əla Məhəmməd deyib: “Layihənin ilk fəaliyyətləri Bəsrə vilayətindən, Rəs əl-Bişə bölgəsindən “Dənizdən çaya qədər” şüarı ilə başlayıb və bu fəaliyyətlər cənubdan gələn ziyarətçiləri Kərbəla şəhərinə qədər müşayiət edəcək”.

O əlavə edib: “Bu dayanacaqlarda minə yaxın kişi və qadın Quran müəllimi ziyarətçilərin Fatiha surəsi və qısa surələri düzgün oxumasına kömək edəcəklər”.

Əla Məhəmməd onu da bildirib ki, Ələvi Hərəmi bu fəaliyyətləri dəstəkləmək üçün 150 mindən çox hədiyyə, afişa, kart və digər lazımi ləvazimatları ziyarətçilərə təqdim etməklə və geniş logistik dəstəklə layihəyə töhfə verib.

O qeyd edib ki, Ərbəin üçün nəzərdə tutulmuş Milli Quran Layihəsi İraqda ən mühüm Quran fəaliyyətlərindən biridir və məqsədi ziyarətçilər arasında Quran mədəniyyətini yaymaq, düzgün oxunuşun və namaz öyrədilməsinin vacibliyini xatırlatmaqdır.

Qeyd edək ki, bu layihə səfər ayının 18-dək davam edəcək və fəaliyyətləri ziyarətçilərin Kərbəla şəhərindəki Həzrət Hüseynin (ə) Müqəddəs Hərəminə daxil olması ilə başa çatacaq.

4296959

Teqlər: Ərbəin ، ziyarət ، quran ، layihə
captcha