“İQNA”-nın xəbərinə görə, Ali Rəhbərin informasiya saytının yaydığı məlumata əsasən, sionist rejimin İran xalqına qarşı həyata keçirdiyi 12 günlük təcavüzkar müharibədə şəhid olanların 40-cı gün mərasimi İmam Xomeyni (r.ə) hüseyniyəsində, şəhid ailələrinin, xalqın müxtəlif təbəqələrinin və bir sıra məsul şəxslərin iştirakı ilə keçirilib.
Ali Rəhbər mərasimdəki çıxışında bu müharibəni İslam Respublikasının iradə və gücünün təcəllisi və onun misilsiz təməl dayaqlarının nümayişi adlandıraraq vurğulayıb ki, düşmənçiliklərin əsas səbəbi bədbəxtlərin İran xalqının imanı, elmi və birliyi ilə düşmənçiliyidir.
Ayətullah Xamenei deyib: “Millətimiz ilahi tövfiqlə imanı gücləndirmək və müxtəlif elmləri inkişaf etdirmək yolundan əsla dönməyəcək və düşmənlərin xəyalına zidd olaraq İranı tərəqqinin və şərəfin zirvəsinə çatdıracaq”.
Həzrət Ayətullah Xamenei, son müharibədə şəhid olan hərbi komandirlər, alimlər və əziz xalq nümayəndələrinin ailələrinə bir daha başsağlığı verərək bildirib: “İran xalqı bu 12 gün ərzində böyük şərəflər qazandı və bu gün dünya bunu etiraf edir. Millətimiz öz gücünü, dözümünü, əzmini və imkanlarını bütün dünyaya nümayiş etdirdi. Elə ki, dünya İslam Respublikasının gücünü yaxından hiss etdi”.
O, son müharibənin digər üstünlüklərindən biri kimi İran İslam Respublikasının bənzərsiz möhkəmliyinin təcəlli tapmasını qeyd edərək əlavə edib: “Bu hadisələr bizim üçün yeni deyil. İran İslam Respublikası 46 illik tarixi ərzində səkkizillik müharibə ilə yanaşı, dəfələrlə çevrilişlər, hərbi-siyasi və təhlükəsizlik fitnələri və zəif iradəli şəxslərin xalqın qarşısında hərəkətə gətirilməsi kimi hadisələrlə qarşılaşıb və düşmənin bütün bu sui-qəsdlərini puç edib”.
Ali Rəhbər İslam Respublikasının əsasını “din” və “elm” üzərində qurulduğunu bildirərək deyib: “Iran xalqı, xüsusilə gənclər bu iki dayağa söykənərək düşməni müxtəlif sahələrdə geri çəkilməyə məcbur edib və bundan sonra da belə davam edəcək”.
O, dünya istikbarının və onun başında duran cinayətkar Amerikanın İran İslam Respublikasına qarşı düşmənçiliyinin əsas səbəbini din, elm və İran xalqının Quran və İslam bayrağı altında birliyi kimi göstərərək bildirib:
“Onların nüvə məsələsi, uran zənginləşdirmə və insan haqları barədəki iddiaları sadəcə bəhanədir. Əsl səbəb İslam Respublikasının elmi, texniki, dini və humanitar sahələrdə yeni sözlər və bacarıqlarla meydanda olmasıdır”.
Ayətullah Xamenei vurğulayıb ki, İran xalqı ilahi lütflə öz dinini və elmini əsla tərk etməyəcək. Biz bu sahələrdə böyük addımlar atacağıq və düşmənin gözünə kül üfürərək İranı inkişaf və izzət zirvəsinə çatdıracağıq”.
Mərasimdə həmçinin bir neçə Quran qarisi müqəddəs Kitabdan ayələr tilavət etdi. Həmçinin Höccətül-İslam Rəfii çıxışında Nəhcül-Bəlağənin 182-ci xütbəsinə istinad edərək Siffeyn döyüşü şəhidlərinin xüsusiyyətlərini izah etdi və bu xüsusiyyətlərin son 12 günlük müharibədə şəhid olanlarla üst-üstə düşdüyünü bildirdi.
Höccətül-İslam Rəfii qeyd etdi ki, səbatlı olmaq, haqq yolunda irəliləmək, Quran oxumaq və ona əməl etmək, vacibatları yerinə yetirmək, ilahi sünnələri diriltmək, bidətlərə qarşı durmaq, cihadda iştirak və rəhbərliyə itaət – bu səkkiz xüsusiyyət son şəhidlərdə də tam şəkildə mövcud idi.
O əlavə etdi ki, Qurana əsasən, iman və təvəkkül Allahın yardımının iki əsas amilidir və bu iki ünsür son 12 günlük müharibədə tam şəkildə özünü göstərdi və İran xalqının müqaviməti və qələbəsi üçün zəmin yaratdı.
Mərasimdə həmçinin Məhəmməd Rza Bəzri sionist düşmənə qarşı müharibədə şəhidlərin qəhrəmanlıqlarını tərənnüm edən şeirlər oxudu və Əhli-Beytin (ə) müsibətləri ilə bağlı mərsiyə dedi.
4297015