IQNA

İraqın 14 mindən çox xidmət yeri Ərbəin zəvvarlarına xidmət göstərir

1:36 - August 05, 2025
Xəbər sayı: 3498649
İQNA - Kərbəla Polis Komandanlığının verdiyi məlumata görə, Ərbəin zəvvarlarına xidmət göstərmək məqsədilə 14 mindən çox İraq və 205 xarici xidmət yeri qeydiyyatdan keçib.

“İQNA”-nın “Əl-sumaria” agentliyinə istinadən verdiyi xəbərə görə, Kərbəla Polis Komandanlığı bildirib ki, Ərbəin zəvvarlarına xidmət göstərmək üçün 14 mindən çox İraq və 205 ərəb və xarici xidmət yeri qeydiyyatdan keçib.

Komandanlığın informasiya şöbəsinin müdiri Əhsən Əl-Əsədi deyib: “Kərbəla polis komandanlığı, xüsusilə yanğınların qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərinin görülməsi və lazımi ehtiyat tədbirlərinin həyata keçirilməsi üçün göstərişlər verib.”

Həmçinin İraqın daxili işlər naziri və milyonluq mərasimlər üzrə Ali Təhlükəsizlik Komitəsinin sədri Əbdül-Əmir Əl-Şüməri, İmam Hüseynin (ə) Ərbəin mərasiminin təhlükəsizliyinin təmin olunması üçün son hazırlıqların izlənməsi ilə bağlı göstəriş verib.

O, nazirliyin müavinləri, müşavirləri və komandirləri, həmçinin əyalət polis rəhbərlərinin iştirakı ilə videobağlantı vasitəsilə geniş bir iclasa sədrlik edib.

İraqın daxili işlər naziri bu iclasda Ərbəin mərasiminin təhlükəsizliyinin təmin edilməsi üçün son hazırlıqların diqqətlə izlənməsinin vacibliyini vurğulayıb və bu münasibətlə xüsusi təşkilati və koordinasiya planlarının həyata keçirildiyini bildirib.

O, həmçinin yol-nəqliyyat hadisələri və yanğınlar kimi problemlərin həlli yollarının tapılmasının vacibliyini qeyd edib və zəvvarların hərəkətinin tənzimlənməsi üçün Yol Hərəkəti İdarəsinin səylərini yüksək qiymətləndirib.

Əl-Şüməri vurğulayıb ki, bu münasibətin əsl uğuru zəvvarların əziyyətinin azaldılması və matəm tutanların həyatının müxtəlif hadisələrdən qorunmasındadır. Bu işi sərhəddən başlayaraq Müqəddəs Kərbəla şəhərinə qədər ən yaxşı şəkildə yerinə yetirmək müqəddəs bir vəzifədir.

O əlavə edib ki, İraqın Daxili İşlər Nazirliyi zəvvarlara xidmət göstərmək və onları qorumaq üçün bütün imkanlarını səfərbər edib. Bunlara nəzarət kameralarının quraşdırılması, təhlükəsizlik qüvvələrinin canlı qüvvə, nəqliyyat vasitələri və müxtəlif avadanlıqlarla gücləndirilməsi daxildir.

Əl-Şüməri bütün müavinlərə, komandirlərə və məsul şəxslərə göstəriş verib ki, şəxsən hadisə yerində iştirak etsinlər və təhlükəsizliklə bağlı bütün aspektləri nəzərdən keçirsinlər.

İraqın daxili işlər naziri, həmçinin ölkə daxilindən və xaricindən milyonlarla zəvvarın iştirakına işarə edərək, təhlükəsizlik planının uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və bunun yüksək dəqiqlik və qüvvələrin düzgün yerləşdirilməsi ilə mümkün olduğunu bildirib.

O, bütün istiqamətlərdə təhlükəsizlik qüvvələrinin ön cəbhəsində kəşfiyyat qüvvələrinin aktiv iştirakı zərurətini vurğulayaraq deyib ki, bu qüvvələr bu milyonluq münasibətin əhəmiyyətinə uyğun şəkildə fəaliyyət göstərməlidirlər.

4298269

Teqlər: İraq ، Ərbəin ، zəvvar ، xidmət
captcha