İQNA-nın Kürdüstan vilayəti “Beytül-Müqəddəs” SEPAH-ının mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, Höccətül-islam Taha Təvəkkoli 21 mordad tarixində bir günlük səfər çərçivəsində Mərivan şəhəri və Başmaq sərhəd-keçid məntəqəsində yerləşən mökiblərə baş çəkib, Ərbəin zəvvarlarına göstərilən xidmətlərlə yerində tanış olub.
O, Kərbəla zəvvarlarının hərəkətini və xidmətlər üçün görülən tədbirləri qənaətbəxş qiymətləndirərək bildirib ki, ötən illə müqayisədə bu il Ərbəin bərəkəti ilə infrastruktur və xidmətlər daha da inkişaf edib.
Vilayət nümayəndəsi qeyd edib ki, bu il Ərbəinlə 12 günlük Müqəddəs Müdafiə (müharibə) xatirəsinin üst-üstə düşməsi tədbirlərə xüsusi qəhrəmanlıq və müqavimət ruhu bəxş edib. Onun sözlərinə görə, zəvvarlara xidmət sahəsində gözəl birlik və koordinasiya mövcuddur.
Təvəkkoli vurğulayıb ki, Başmaq sərhəd-keçid məntəqəsində qurulan Ərbəin mökibləri düşmənin idrak və hibrid müharibəsi planlarını puç etmək üçün böyük bir potensialdır, çünki bəzi qüvvələr bu müqavimət ruhunun unudulmasına çalışırlar.
O, çıxışının sonunda deyib: “Ümid edirəm ki, hər kəs öz hacətinə Həzrət Əba Əbdillah Hüseynin (ə) məzlumiyyəti xatirinə çatar. Ərbəin Kürdüstan vilayətində, xüsusən Başmaq sərhədində şiə və Əhli-sünnət sevərlərinin birliyinin canlı təcəssümüdür.”
Höccətül-islam Təvəkkoli əlavə edib ki, Ərbəin ziyarəti yalnız dini deyil, həm də mühüm sosial hadisədir və dünyadakı azadlıqsevərlər üçün ilham mənbəyidir. Onun sözlərinə görə, İmam Hüseynin (ə) qiyamı yüzlərlə ibrətamiz və təsirli mesaj daşıyır ki, hər biri tarix boyu bir məktəb kimi örnək ola bilər.
Qeyd edək ki, Təvəkkoli səfər zamanı Mərivan üç yol ayrıcında yerləşən mökiblərə, şəhid Mamusta Şeyxülislam adına 50 çarpayılıq səyyar xəstəxanaya, Hilal-Əhmər bazasına və Başmaq sərhədindəki dövlət qurumlarının mökiblərinə də baxış keçirib.
4299626