IQNA

21 ölkə sionist rejiminin yaşayış məntəqəsi salmaq planını pisləyib

10:15 - August 23, 2025
Xəbər sayı: 3498736
İQNA - 21 Qərb ölkəsi bəyanat yayaraq sionist rejiminin Şərqi Qüds bölgəsində yaşayış məntəqəsi salmaq planını pisləyib və bunun beynəlxalq hüququn pozulması olduğunu bildirib.

“İQNA”-nın “əl-Qüds”ə istinadən verdiyi xəbərə görə, İngiltərə və Fransa da daxil olmaqla 21 ölkə birgə bəyanat verib və işğalçı rejim hökuməti tərəfindən təsdiqlənmiş Şərqi Qüdsdəki E1 adlı ərazidə məskunlaşma planını qəti şəkildə pisləyib. Bu ölkələr bu planı beynəlxalq qanunların açıq-aşkar pozulması kimi qiymətləndirib.

Avstraliya, Belçika, Kanada və Danimarka kimi ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanan bəyanatda vurğulanıb ki, İsrailin Ali Planlaşdırma Komitəsinin E1 bölgəsində yeni yaşayış məntəqələri salmaq barədə qərarı qəbuledilməzdir. Bu ölkələr işğalçı hökumətdən dərhal bu qərarı ləğv etməyi tələb ediblər.

Bəyanatda rejimin ifratçı nazirlərindən biri olan Bəzalel Smotriçin açıqlamasına da işarə olunub. O demişdi ki, bu plan iki dövlətli həll yoluna çatmağı çətinləşdirir. Nazirlik başçıları isə bildiriblər ki, bu, İsrail xalqının xeyrinə olmayacaq və yalnız bölgədə gərginliklə zorakılığı artıracaq.

Bəyanatda həmçinin xəbərdarlıq edilir ki, işğalçı rejim hökumətinin birtərəfli hərəkətləri beynəlxalq birliyin Yaxın Şərqdə təhlükəsizlik və rifaha nail olmaq səylərini zəiflədəcək. İmza atan ölkələr BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə uyğun olaraq məskunlaşma tikintisinin dərhal dayandırılmasını tələb ediblər.

Onlar həmçinin bu planların fələstinlilərin Qüdsə çıxış imkanına mənfi təsir göstərəcəyindən narahatlıqlarını ifadə edərək, Fələstin Muxtariyyətinin maliyyə məhdudiyyətlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Bəyanat beynəlxalq ictimaiyyətin İsrailin işğal altındakı Fələstin torpaqlarında məskunlaşma siyasətinə qarşı artan mövqeyini əks etdirir və fələstinlilərin hüquqlarının və onların öz müqəddəratını təyin etmə haqqının müdafiəsinin əhəmiyyətini önə çəkir.

Çərşənbə günü sionist rejim hökuməti ifrat sağçı maliyyə naziri Bəzalel Smotriçin dəstəklədiyi genişmiqyaslı yaşayış məntəqəsi planını təsdiqləyib. Hökumətin məskunlaşma komitəsi ilk dəfə 1990-cı illərdə gündəmə gətirilmiş “E1” layihəsinin icrasına razılıq verib.

Layihəyə təxminən 3400 yeni mənzil tikintisi, Maale Adumim yaşayış məntəqəsinin genişləndirilməsi, onun Qüdsə birləşdirilməsi və İordan çayının Qərb sahilinin şimalı ilə cənubunun bir-birindən ayrılması daxildir. Bu plan beynəlxalq xəbərdarlıqlara baxmayaraq, vahid Fələstin dövlətinin yaranması imkanlarını ciddi şəkildə zəiflədir.

4301110

Teqlər: sionist rejim ، qüds ، fələstin ، israil
captcha