“İQNA”-nın “əl-Vətən” nəşrinə istinadla verdiyi xəbərə görə, bu fələstinli uşaq Qəzzada ardıcıl partlayışlar, hərbi təyyarələrin gurultusu və bölgəni tərk etmək əmrlərinin yaratdığı gərginlik və nigarançılığa baxmayaraq, Qurani-Kərimin hifzini başa çatdırıb.
Bu 12 yaşlı uşaq, xalqının yaşadığı dağıntılar, soyqırım və müharibə şəraitində Qurani-Kərimi hifz etməyi bitirdiyi zaman böyük sevinc və qürur hissi keçirib.
Bərranın atası ötən il şəhid olub, o isə onlarla dəfə köçkün düşüb və ən sadə imkanlardan məhrum bir yerdə yaşayır.
Bərranın əmisi özünün rəsmi “Instagram” hesabında yazıb ki, o həmyaşıdı olan və Qurani-Kərimi hifzdə onunla yarışan əmisi oğlu “Əhməd”i də itirib.
Bərra, şəhadətindən əvvəl atasına verdiyi vədi yerinə yetirərək Qurani-Kərimi əzbərlədi. O, Bəqərə surəsinin son ayələrini keçən il övladlarını itirən bibisi “Nur əl-Hüda”ya tilavət edib. Daha sonra isə böyük sevinc və qürur göz yaşları içində oğluna baxan anası “Hibətullah” üçün Fatihə surəsini oxumağa başlayıb.
Bu fələstinli uşağın Qurani-Kərimi hifz etməsindən sonra yayılan video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və istifadəçilər bu mövzuda şərhlər yazıblar. Onların bəziləri belə deyiblər:
“Allah bu hafiz vasitəsilə İslam ümmətinə xeyir və bərəkət bəxş etsin, onu anasının sevinc və göz nuru, Qurani-Kərimin ən yaxşı daşıyıcısı qərar versin”.
Başqa istifadəçilər isə yazıblar: “Ey Qəzza xalqı, siz nə qədər pak insanlarsınız. Siz ümmət üçün nümunəsiniz. Bərra, Allah səni müvəffəq və hifz etsin”.
4304742