IQNA

Fələstinli Jurnalistlərlə Beynəlxalq Həmrəylik Günü

1:16 - September 27, 2025
Xəbər sayı: 3498932
İQNA - Beynəlxalq Jurnalistlər Federasiyası 26 sentyabrı Fələstinli Jurnalistlərlə Beynəlxalq Həmrəylik Günü adlandırıb ki, Qəzzada jurnalistlərin yaşadığı iztirab və çətinlikləri dünya ictimaiyyətinə çatdırmaq üçün münasib fürsət yaransın.

“İQNA”-nın “əl-Aləmə” istinadla verdiyi xəbərə görə, sionist rejimin Qəzzada apardığı müharibə və soyqırım hələ də davam edir. Buna baxmayaraq, fələstinli jurnalistlər bütün davamlı təhdidlərə və işğalçı İsrail ordusunun birbaşa hədəfinə çevrilmələrinə rəğmən, hadisələri işıqlandırmaq missiyalarını dayandırmayıblar.

İndiyədək bu soyqırım müharibəsində 251-dən çox jurnalist şəhid olub. Onların arasında “əl-Aləm” telekanalının jurnalisti Rəsmi Salim də var.

Sionist rejim öz cinayətlərinin Qəzzada ifşa edilməsinin qarşısını almaq üçün hələ də fələstinli jurnalistləri izləyir və hərbi qüvvələrinin terror hədəfinə çevirir.

Qeyd olunur ki, bu addımlar Qəzzadakı soyqırımın həqiqi miqyasını gizlətmək məqsədi ilə həyata keçirilən media boğma siyasətinin bir hissəsidir.

Fələstinli media fəalları, “əl-Aləm” kanalının Qəzza müxbiri Basil Xeyrəddinlə söhbətdə bütün jurnalistlərdən və dünya mediasından real bir hərəkat yaratmağı tələb ediblər ki, sionist rejimə təzyiq göstərilərək xarici jurnalistlərin Qəzzaya girişinə icazə verilsin.

Qəzzadakı media işçiləri hesab edirlər ki, yalnız beynəlxalq media nümayəndələrinin iştirakı ilə Qəzzadakı soyqırımın real ölçüləri dünya ictimaiyyətinə göstərilə bilər.

Onlar bildiriblər ki, fələstinli jurnalistlər də Qəzza xalqı kimi qaçqındır, aclıq çəkirlər və müharibənin bütün ağrılarını, qorxularını və zərbələrini yaşayırlar. Onların vurğuladığı kimi:

“Biz sadəcə şüar və gözəl ifadələr istəmirik, həqiqi həmrəylik istəyirik. Həmrəylik sözləri əməli addımlara çevrilməlidir.”

Fələstinli jurnalistlər bir daha bəyan ediblər ki, bütün çətinliklərə və təhlükələrə baxmayaraq, xəbərçilik missiyalarından geri çəkilməyəcək və Qəzzadakı soyqırım müharibəsinin gerçəklərini işıqlandırmağa davam edəcəklər.

Dünya üzrə Qəzza xalqı ilə həmrəylik dalğası genişlənsə də, sionist rejim hərbçiləri cinayətlərini gizlətmək üçün jurnalistləri hədəf almaqda davam edirlər.

Həmasın bəyanatı: “Düşmənin jurnalistlərə qarşı cinayətləri həqiqəti gizlədə bilməz”

Fələstin İslam Müqavimət Hərəkatı (Həmas) Fələstinli Jurnalistlərlə Beynəlxalq Həmrəylik Günü münasibətilə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Qəzzada soyqırım müharibəsinin başlanğıcından indiyədək 251 jurnalistin şəhid edilməsi, işğalçı faşist rejimin dünyanın gözü qarşısında törətdiyi dəhşətli cinayətdir və bu, bütün beynəlxalq qanunların, müqavilələrin və hüquqi normaların açıq şəkildə pozulmasıdır.

Fələstin İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, Həmas bəyan edib: “Bu dəhşətli cinayətlər zamanla unudulmayacaq və heç vaxt həqiqəti gizlədə bilməyəcək. Onlar işğalçıların xalqımıza, torpağımıza və müqəddəs dəyərlərimizə qarşı törətdiyi faşist cinayətlərini ört-basdır edə bilməyəcəklər.”

Həmas vurğulayıb ki, bu cinayətlərə görə tam məsuliyyət işğalçılara və onlara dəstək verən ABŞ hökumətinə aiddir. Son 23 ayda fələstinli jurnalistlərə və Qəzza xalqına qarşı törədilən cinayətlər bu məsuliyyətin bir hissəsidir.

Bəyanatda həmçinin qeyd olunur: “Yalan və çaşdırma üzərində qurulmuş sionist təbliğatı iflasa uğrayıb. Bu təbliğat ədalətli mübarizəmiz, fələstin xalqının müqaviməti və onların qanuni hüquqları qarşısında puç olub.”

Həmas bildirib: “Biz fələstinli jurnalistlərə və media işçilərinə göstərilən bütün dəstək və həmrəylik mövqelərini yüksək qiymətləndirir və alqışlayırıq. Bütün ərəb, islam və beynəlxalq media qurumlarını işğalçıların cinayətlərini işıqlandırmağa davam etməyə çağırırıq. Onlar milli məsələmizin ədaləti və xalqımızın qanuni hüquqlarının yanında dayanmalıdırlar.”

Həmas əlavə edib: “Dünyadakı bütün jurnalist ittifaqlarını və birliklərini fələstinli jurnalistlərlə həmrəylik fəaliyyətlərini artırmağa və beynəlxalq medianın Qəzzaya daxil olması üçün işğalçılara təzyiq göstərməyə çağırırıq ki, həqiqət dünyaya çatdırılsın.”

Bəyanatda həmçinin deyilir: “Biz beynəlxalq ictimaiyyəti, hüquqi qurumları və təşkilatları fələstinli jurnalistlərə qarşı törədilən cinayətləri pisləməyə və işğalçı rejimin liderlərini Qəzzada törətdikləri müharibə cinayətlərinə görə beynəlxalq məhkəmələrdə ittiham etməyə çağırırıq.”

Sonda Həmas bəyan edib: “Biz, fədakar media missiyalarını yerinə yetirərkən sionist hücumları nəticəsində şəhid olan jurnalistlərin ruhuna salam göndəririk. Həqiqəti dünyaya çatdırmaq və işğalçıların terror cinayətlərini ifşa etmək yolunda çalışan bütün jurnalistlərə hörmət və salamlarımızı çatdırırıq.”

4307146

captcha